
Bu ilin əvvəlində "Kəpəz" ətrafında yayılan xəbər klubun azarkeşlərini çox sevindirmişdi.
Axı 3 ildən sonra bölgə klubu öz sponsoruna qovuşacaqdı.
Yeni rəhbər - Namiq Qədirovun hələ rəsmi təqdimatı olmadan öncə gələcəklə bağlı gurultulu vədlər verildi.
Mövsümün sonu heyət böyük ölçüdə sıfırlandı, daha iddialı komandanın qurulacağının mesajlarını aldıq.
Amma heç mövsüm start götürməmiş Gəncədə aləm bir-birinə dəyib.
Namiq Qədirov və komandası "Kəpəz"i tərk edir.
Nəyə gəlmişdiniz, niyə gedirsiniz?
Cavab tapmaq çətindir.
Olan isə yenə "Kəpəz"ə olacaq.
Yəqin indi İlqar Nadirinin qədri "Kəpəz"də daha çox bilinər.
Adam 3 mövsümdür kollektivi dövlət dotasiyası ilə Premyer Liqada saxlamağı bacarırdı.
Müqayisədə böyük büdcəsi olan "Qəbələ", "Səbail" kimi rəqibləri Birinci Liqaya yola salmaqla.
Amma hər dəfə bir qrup adamın təzyiqi, tənqidi ilə üz-üzə qalırdı.
Hədəfə gətirilirdi.
Ki, "Kəpəz"ə gəlmək üçün sponsorlar qapıya düzülüb, amma İlqar Nadiri müxtəlif yollarla mane olur.
Bu da sizə sponsor.
Artıq həftələrdi Nadiri proseslərdən kənardadır.
Vəziyyət nəinki düzəldi, hətta daha da pis məcraya yönəlib.
XANOĞLAN İMANOV