
İyunda «Kəpəz»in sükanı arxasına dönən Adil Şükürov şok etiraf edib.
Doqquz aydan sonra Gəncəyə qayıtmış mütəxəssis köhnə-yeni iş yerindən ayrılmaq niyyətini ortaya qoyub.
O, bu barədə fikrini funksionerlərinə bildirib. Şükürov klub rəhbərliyi daxilində baş verən proseslərin əhval-ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyib.
Problem son toplantıda yaranıb. Müşahidə Şurasının (MŞ) sədri Namiq Qədirov Premyer Liqanın qarşıdakı mövsümü ilə bağlı narahatlığını dilə gətirib.
MŞ-nın başçısı transfer çalışmalarının gedişindən narazılıq edib, komandanın gücləndirilməsi prosesinin ləng getdiyini vurğulayıb.
Altıncı-yeddinci yerlər uğrunda mübarizə aparacaqlarını söyləyən sədr üzünü baş məşqçiyə tutaraq, «sənə 5-6 tur vaxt verirəm, görüm nə edirsən» söyləyib.
Qədirov deyib ki, çempionatın ilk həftələrində qənaətbəxş nəticələr əldə olunmasa, onunla 2 illik müqavilənin öhdəlikləri təkrar gözdən keçiriləcək, işbirliyinin dayandırılması variantı müzakirəyə çıxarılacaq.
Şuranın rəhbəri həmçinin qeyd edib ki, ona möhkəm komanda lazımdır və gözləntiləri meydanda özünü doğrultmasa, başqa sərt tədbirlərə də əl atacaq.
Adil Şükürova əsasən xoş gəlməyən də Namiq Qədirovun bu sözləri olub. Başa düşüb ki, belə vəziyyətdə işləməsi, nəticə qazanması çətindir. Odur ki, xırmanda yabalaşmadan Gəncəni tərk etmək fikrinə düşüb.
SPORTİNFO.AZ