
«Kəpəz» gələn mövsüm Premyer Liqada 6-7-ci yerlər uğrunda mübarizə aparmalıdır.
Bu tələb klubun Müşahidə Şurasının yeni sədri Namiq Qədirov tərəfindən səsləndirilib.
Xaricdə yaşayan iş adamı Azərbaycana gələrək, komandanın məşqçi heyəti ilə görüşüb.
Saytımız bu görüşlə bağlı heç də xoş olmayan informasiyalar toplayıb. Dəqiq bilirik ki, gəncəli azarkeşlər buna üzüləcək.
Amma neyləyək, biznesmen rəhbər klubun hərtərəfli inkişafına dəstək vermək niyyətindən uzaqdır və Gəncənin Ehtiram Quliyevinə çevrilmək istəmir.
Deməli, o, 9 aydan sonra geri qayıtmış Adil Şükürovun işindən narazılıq edib. Bildirib ki, maydan sonra xeyli sayda futbolçu düşərgədən uzaqlaşdırılsa da, yeni transfer bazarlığı lazımı səviyyədə aparılmır.
Sədr bu istiqamətdə çalışmaların ləng getməsindən şikayətlənib, danışıqlar gedən yerli və xarici oyunçuların heyəti gücləndirməsinə şübhəylə yanaşıb.
«Məni burada yalnız əsas komanda maraqlandırır. Birmənalı şəkildə nəticə istəyirəm.
Turnir cədvəlinin orta sıralarından birini tutmalıyıq, aşağı yerə düşməməliyik. Transferləri tez etməliyik, gecikirik.
Mən narahatam. Klubda başqa sahələrə vəsait ayırmayacam.
Heç kim mənə yaxınlaşıb, «ora pul lazımdır, bura pul lazımdır» deməsin. Pul verən deyiləm».
SPORTİNFO.AZ