
Hələlik «Kəpəz»də nisbi sakitlik hökm sürür.
Doqquz aydan sonra geri qayıdan və 2+1 illik müqaviləyə imza atan Adil Şükürov axtarışdadır.
Kimi axtarır, niyə axtarır, deyəsən, özü də bilmir.
Bir transfer belə, etməyiblər. Komandada 1 nəfər qalıb o gələndən sonra.
Müqaviləsi davam etməsəydi, o 1 nəfəri - Ümid Səmsədovu da göndərərdi düşərgədən.
Guyamış, sıfırdan komanda yığacaqmış, boşalmış bazanı təptəzə oyunçularla dolduracaqmış. Havaya giribmiş, özünün də xəbəri olmayıb.
Hansı yerli futbolçuya «gəl» deyib, gəlməyib. Bu üzdən dönüb dünən bəyənmədiklərinə.
Rauf Hüseynliyə, Ehtiram Şahverdiyevə, İlkin Qırtımova telefon açıb, dil töküb. Gözləyin, hələ o birilərə də yığacaq.
Yalvaracaq, yaxaracaq, dil tökəcək, nəticədə klubu əlavə xərcə salacaq.
Çün işin başında böyük səhvə yol verib, Azər Bağırovla çıxışa keçənləri bəyənməyib. Və bu gün başa düşüb ki, bu həna o hənadan deyil, dövr dəyişib, futbolçu tayfası onu tanıyıb, xasiyyətinə bələd olub.
Gedin 10 futbolçudan Adil Şükürovu maraqlanın, doqquz nəfər ağzını büzəcək, sifətini turşudacaq, «əşşi…» deyib əlini yelləyəcək, başını bulaya-bulaya durub gedəcək.
Hələ də bir qrup fikirləşir ki, «Kəpəz»in 2024-cü ildə Premyer Liqada qalması Adil Şükürovun xidmətidir. İlqar Nadirini yaddan çıxarmaq olmaz amma.
Gözəgörünməz qəhrəman odur gerçəkdə. Klubun İdarə Heyətinin ovaxtı sədri əlini komandanın üstündən çəksəydi, «Kəpəz» hələ də I Liqada özüyçün vurnuxurdu.
O arada düşərgədə saysız-hesabsız insident yaşanıb, gör, əksəriyyəti mediaya sızıb heç? Adil Şükürovla yola getməyən, onun xarakterindən şikayətlənən futbolçulardan biri mətbuata çıxıb nəsə deyibmi?
Bütün söz-söhbətləri yerindəcə həll edən, kollektivi sakitləşdirən, baş məşqçinin əleyhinə birləşmələrinə imkan verməyən, əlqərəz, odun üstünə su tökən İlqar Nadiri var idi onda.
Hazırda isə o, var ikən, yox kimidir. Yeni yönətim Nadirini komandadan tamamilə kənarda saxlayıb, tapşırıblar ki, maaşını al, yaxın gəlmə, özümüz işi aparacağıq.
Ay apardılar ha…
MUSA