
Premyer Liqadakı yerini qorumağı bacaran “Kəpəz”də heyətlə bağlı ciddi islahatlar aparılacaq.
Sportinfo.az-a verilən məlumata görə, 10-a yaxın futbolçusu qərb təmsilçisini tərk edəcək. Bəzilərinə qapı göstərilib, bəziləri təklif olunan az maaşla razılaşmır.
Baş məşqçi Adil Şükürov yeni futbolçularla bağlı istəyini də klub rəhbərliyinə çatdırıb.
Təcrübəli mütəxəssis növbəti dəfə legioner seçimində yanılmamaq üçün tanıdığı əcnəbilərlə çalışmaq arzusunu dilə gətirib.
Həmin futbolçular 2023/24 mövsümündə məhz Şükürovun rəhbərliyi altında oynayan və komandanı elitada saxlamağı bacaranlardır.
Söhbət Olavale Onanuqa, Latir Fal, İqor Rodriges və Mate Kvirkviyadan gedir.
Ötən ilin yayında Azərbaycanı tərk edən futbolçulardan İqorla Latir İndoneziyaya, Mate Kiprə, Olavale Küveytə üz tutmuşdu.
Hazırda sözügedən futbolçuların hamısı azad agent statusuna sahibdir.
HƏBİB