
Növbəti mövsümün planlarını cızan “Kəpəz”də hələ ki, durğunluqdur.
Baş məşqçi Adil Şükürov xidmətinə ehtiyac duymadığı və sərəncamında görmək istədiyi futbolçularla bağlı siyahı tərtib etsə də, hələ ki, rəsmi məlumat yoxdur.
Şükürovun xidmətinə ehtiyac duyduğu oyunçulardan biri “Qarabağ”dadır.
Bu, son üç mövsümü icarə əsasında “Zirə”də keçirən, müqaviləsi başa çatdığı üçün bir neçə gün əvvəl “Qarabağ”a qayıdan Rüstəm Əhmədzadədir.
“Kəpəz” baş məşqçinin istəyini həyata keçirmək üçün Ağdam təmsilçisinə müraciət edib. Son sözü yaxın günlərdə baş məşqçi Qurban Qurbanov deyəcək.
2021-ci ilin dekabrında “köhlən atlar”la müqavilə bağlayan Rüstəm, burada cəmi 8 oyunda iştirak edib.
2022-2025-ci illər aralığında icarə əsasında şərəfini qoruduğu “Zirə”də 96 görüşdə 8 qol vurub, bir o qədər məhsuldar ötürmə verib.
HƏBİB / SPORTİNFO.AZ