.jpg)
Yeni mövsümə yeni baş məşqçi ilə start verəcək “Kəpəz”in yay hazırlıq planına aydınlıq gəlib.
Təlim-məşq toplanışı Adil Şükürovun istəyinə uyğun olaraq iyunun 1-də başlayacaq.
Gəncədə keçiriləcək məşqlər əsasən fiziki hazırlığın yoxlanmasına və qaydasına salınmasına hesablanacaq. Bu proses təxminən iki həftə vaxt aparacaq.
Qərb təmsilçisi iyulun ikinci yarısında əsas gücü yoldaşlıq görüşlərinə verəcək. 15 iyul-5 avqust tarixləri arasında 4-5 sınaq matçının keçirilməsi planlaşdırılır.
Hansı komandalarla?
Klub rəsmiləri iyulun 1-də hərəkətə başlayacağı ehtimal olunan Bakı-Tbilisi qatar xəttini gözləyir. Bu, baş versə, “Kəpəz” yoldaşlıq görüşləri üçün Gürcüstana sərnişindaşıma qatarı ilə gedib-qayıdacaq.
Qatar xətti istifadəyə verilməsə, klub qonşu ölkəyə gedib-qayıtmaqla bağlı Gənclər və İdman Nazirliyinə məktub ünvanlayacaq. Ki, quru sərhədləri bağlı olduğundan, xüsusi orqanlardan idman proqramı ilə bağlı icazə almaq mümkün olsun.
Ehtiyat plan kimi təlim-məşq toplanışı üçün ölkəmizə təşrif buyuracağı gözlənilən İraq və Küveyt klubları ilə oyunların keçirilməsidir.
HƏBİB / SPORTİNFO.AZ