
“Kəpəz”i yeni mövsümdə Adil Şükürov çalışdıracaq.
Təcrübəli çalışdırıcı ilə Bakıda 2 illik müqavilə bağlanıb və bununla bağlı klubun rəsmi səhifələri vasitəsi ilə ictimaiyyətə məlumat verilib.
Təqdimatın Gəncədə yox, paytaxtda keçirilməsi gəncəli azarkeşlərin qəzəbinə səbəb olub.
Ceyhun Əliyev adlı jurnalist “Kəpəz”sevərlərin etirazını həm rəhbərlik etdiyi saytda, həm də “feysbuk” səhifəsində işıqlandıraraq, klubun yeni rəhbərliyinə suallar ünvanlayıb:
“Kəpəz”ə qarşı açıq hörmətsizlik - Bakı təqdimatı.
10 iyun tarixində “Kəpəz” FK-nın yeni baş məşqçisi Adil Şükürovun təqdimatı keçirildi. Amma... Harada? — Gəncədə yox, Bakıda!
Gəncədə klubun bazası var.
Gəncədə məşq infrastrukturu var.
Gəncədə yüz illik azarkeş ordusu var.
Gəncədə “Kəpəz”in akademiyası var.
Bəs, təqdimat niyə Bakıda?
Media nümayəndələri tədbirə dəvət olunmayıb, mətbuatın iştirakı təmin edilməyib. Təqdimatın harada keçirildiyi haqda da rəsmi açıqlama verilməyib.
Sanki hansısa gizli toplantıdır.
“Kəpəz”in rəhbərliyində yer alan Fərman Əlizadə və Erkin İbrahimov bu qərarları ilə açıq şəkildə Gəncənin futbol tarixinə, azarkeşlərinə və klubun adət-ənənələrinə hörmətsizlik ediblər. Maraqlıdır, bu qərarı İdarə heyətinin sədri Namiq Qədirov necə dəstəkləyib?
Sadə sual verək:
Əgər “Neftçi” klubunun baş məşqçisi Gəncədə təqdim olunsaydı, Bakı azarkeşləri buna necə baxardı? Qəbul edərdimi?
“Kəpəz” Gəncənin fəxridir, paytaxt kabinetlərində formalaşdırılan şəxsi layihə deyil.
Azarkeşlər bu klubun sahibidir, kabinetlər yox!
Bu barədə klub rəhbərliyindən rəsmi açıqlama gözləyirik”.
HƏBİB / SPORTİNFO.AZ