
Gəncəli azarkeşlərin sevimlisi “Kəpəz”in hazırkı durumu barədə danışıb.
2022/23 mövsümündə, eləcə də 2023/24 sezonunun ilk yarısında “sarı-göylər”in uğurları üçün tər tökmüş Abdullahi Şuaybu buradan ayrılsa da, sonradan karyerasını “Qəbələ”də davam etdirdi.
I Liqada çempion adını qazanan nigeriyalı hücumçu Premyer Liqa matçlarını diqqətdə saxlamağı özünə borc bilib.
O, Sportinfo.az-a açıqlamasında “Kəpəz”in çıxışı haqda bunları deyib:
“Kəpəz” yaxşı mübarizə apararaq Premyer Liqadakı yerini qorudu. Baxımlı futbolla gözlənilməz nəticələrə imza atdı.
Gəncəli azarkeşlərin adına sevinirəm. “Kəpəz” karyeramda ilk peşəkar klubdur. Ona görə də onların hər uğuruna şad oluram”.
“Kəpəz” əvvəlki günlərindən uzaqlaşmaq üzrədir. Gəncə şəhər stadionunda yenidənqurma işləri aparılır, yeni sponsorun gəlişi ilə hədəflərin böyüyəcəyi gözlənilir.
Maraqlıdır, Şuaybu növbəti mövsümdə gəncəli azarkeşlərin qarşısında oynamağı təsəvvür edirmi?:
“Futbol yeniliklərlə zəngindir. Sabah kimin harda olacağını müəyyən etmək olmur. Ona görə də suala cavab vermək mənim üçün çətindir. Bunu zamanın öhdəsinə buraxaq”.
23 yaşlı afrikalı “Kəpəz”in şərəfini qoruduğu müddətdə 45 oyunda meydana çıxıb ki, məhsuldarlıq göstəricisi 13 qol, 5 assist olub.
HƏBİB