
Daha bir baş məşqçi üçün “Kəpəz” karyerası başa çatdı.
Komanda Premyer Liqaya yüksələn gündən - 2022-ci ilin yayından bu yana Yaşar Vahabzadə, Tərlan Əhmədov, Azər Məmmədov və Adil Şükürovla yolları ayıran klub rəhbərliyi bu dəfə Azər Bağırovla çalışmaqda maraqlı olmadı.
Görünür, rəsmilərin təklifləri Bağırovu razı salmadığından, “sarı-göylər”i elitada saxlayan mütəxəssis müqavilənin yenilənməsində maraqlı olmadı. İstənilən halda, bu, yeni sponsorun Azər bəylə çalışmaqda maraqlı olmamasının göstəricisidir.
Məlum xəbərin sosial şəbəkə hesablarında paylaşılması gəncəli fanatları özlərindən çıxarıb. “Kəpəz”ə könül verənlər Bağırovun gedişini heç cür qəbul etmir, verilən qərara görə rəhbərliyi göydən yerə vurur:
“Ölüb, yerə girin, başqa heç nə. Guya xarici məşqçi gəlib bir qələt edəcək? Azər Bağırova uğurlar, sizə isə gələn il I Liqaya düşməyi arzu edirəm”.
“Səbəb nədir? Adamın əziyyəti niyə yerə vuruldu? “Kəpəz” azarkeşləri olaraq rəhbərlikdən geniş açıqlama gözləyirik”.
“Niyə belə naşükürlük edilir məşqçilərə qarşı? Çıxın, normal açıqlama verin, bilək”.
“Adamın gülməyi gəlir. İndidən sonra belə məşqçi tapa bilməyəcəklər, vallah. Adamın fikri-zikri “Kəpəz”i Konfrans Liqasında oynatmaq idi”.
“Bu da Azər müəllimə “sağ ol”unuzdur?”
“Bir nəfər yoxdur ki, qərarı normal qarşılasın. Xalqın gözü tərəzidir. Rəhbərlik bu boyda azarkeşi heçə saya bilməz. Biz “Kəpəz” azarkeşi olaraq bu ad üçün əziyyət çəkmiş insanları müdafiə etməliyik”.
“Sözün bitdiyi yer. Gəncə azarkeşləri və ictimaiyyət nümayəndələri Azər müəllimi hər zaman xoş xatirələrlə xatırlayacaq”.
“Bu komandanın başına açmadıqları oyun qalmadı. Tərlan Əhmədov güc-bəla ilə liqada saxladı, onu göndərdilər. İndi də Azər Bağırov həmin işi gördü, onu da yola saldılar. Görünür bunlara komandanı Premyer Liqadan aşağı salan məşqçi lazımdır”
“Nə oldu yenə? Məşqçi baxımından yenicə rahatlaşmışdıq. Niyə imkan vermirsiz normal məşqçi bir mövsümdən artıq işləsin?”
“Haqsızlıq edirsiz. “Kəpəz”in adına yaraşmadı. Azər Bağırov ambisiyalı məşqçi idi. Gətirdiyiniz məşqçi hər halda Mourinyo olmayacaq. Bu istefa ilə bütün yerli məşqçiləri hörmətdən saldız. Gedin görüm, hara qədər irəliləyəcəksiniz”.
Qərb təmsilçisi 2024/25 mövsümündə Bağırovun rəhbərliyi altında meydana çıxdığı 35 oyunda (31-i Premyer Liqa, 4-ü ölkə kuboku) 10 qələbə qazanıb, 8 heç-heçə edib, 17 dəfə meydanı məğlub tərk edib.
HƏBİB / SPORTİNFO.AZ