
Premyer Liqanın 35-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu hər iki komanda üçün əlamətdar olacaq.
Sportinfo.az xəbər verir ki, nəticə baxımından formal qarşılaşma olsa da, hər iki komanda üçün prinsipial məqam var.
Ağdam təmsilçisi çempionluq kubokunu başı üzərinə qaldıracağı görüşdə vuracağı 1 qolla Azərbaycan çempionatları tarixində “Kəpəz”i 100-cü dəfə məyus etmiş olacaq.
1992-ci ildən bəri tərəflər arasında baş tutan 60 matçda ağdamlılar rəqibi 99 dəfə mərkəzə dəvət ediblər. “Qarabağ” aktivinə 3 xalı yazdırsa, çempionatda 35-ci, “Kəpəz” isə Bakıda sensasiya etsə, 15-ci dəfə rəqibinə qalib gələcək.
Görüşün “Kəpəz” üçün prinsipiallığı isə uzunmüddətli seriyaya son qoymaq həvəsidir. Təsadüfi deyil ki, gəncəlilər nə az, nə çox, düz 35 oyundur “Qarabağ”ı məğlub edə bilmir.
Son 23 ildə komandaların matçlarında ağdamlılar 28 dəfə qalib gəlib, 7 dəfə heç-heçə ilə kifayətlənib.
“Kəpəz” sonuncu dəfə rəqibini 2002-ci ilin aprelində üstələməyi bacarıb. Gəncəlilər 3:0 hesablı qələbə qazananda rəqib “Qarabağ-Azərsun” adını daşıyırdı.
“Kəpəz” rəqibini axırıncı dəfə 1999-cu ilin aprelində səfərdə məğlub edib. Yəni gəncəlilər 26 ildir – bir sözlə, XXI əsrdə səfərdə “Qarabağ”dan 3 xal ala bilməyib.
Mayın 18-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu saat 19:00-da başlayacaq.