
Premyer Liqada yerini qoruyan “Kəpəz”də uzun sürən həsrət sona çatdı.
Nəhayət, bir neçə gün əvvəl yeni struktur qurulduğu ictimaiyyətə açıqlandı.
İdarə Heyətinin son iclasında Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçildi.
İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov idman məsələləri üzrə müşaviri təyin olundu. Gəray Qiyasov isə Media və Marketinq departamentinə rəhbərlik edəcək.
Hər birinə yeni işində uğurlar arzulayırıq.
Amma qaranlıq qalan, cavabsız qalan suallar az deyil.
Məsələn, İdarə Heyətinin keçmiş sədri İlqar Nadiri, mətbuat katibi Azad Mustafayevin adı heç yerdə keçməyib.
Hər sahədə yeni gələn rəhbər öz komandasını qurur. Namiq Qədirovun da öz heyətini yenidən qurması başadüşüləndir.
Amma işin bir də mənəvi tərəfləri var axı.
Yuxarıda adıçəkilən şəxslər illərdi "Kəpəz"in əziyyətini çəkir.
Pul-para olmayanda klubun ayaqda qalması üçün əllərindən gələn fədəkarlıqları ediblər.
Üç mövsümdü Qərb təmsilçisi yalnız dövlətin ayırdığı dotasiyanın hesabına ayaqda qalmağı bacarır.
Bu müddətdə daha böyük imkanları olan "Qəbələ, "Səbail", eyni şərtlərə sahib olan "Şamaxı" Premyer Liqadanı tərk edib.
Amma ev oyunlarını səfər meydanında keçirən, azarkeşlərin dəstəyindən məhrum olan, ciddi maliyyə sıxıntısı yaşayan "Kəpəz" elitada qalmağı bacarıb.
Bütün bunlar İlqar Nadirinin rəhbərliyi dönəminə təsadüf edib.
Amma dünən klubda bir nömrəli şəxs olan funksioner bu gün faktiki havadan asılıdır. Heç bir vəzifəsi yoxdur. Ən yaxşı halda iclaslarda yer ayrılır, fotolarda gözə dəyir.
Bəlkə də 3-5 gündən sonra İlqar Nadiri, Azad Mustafayev başda olmaqla "Kəpəz" üçün böyük xidmətləri olan şəxslərə hansısa vəzifə veriləcək.
Amma bu da yeni rəhbərliyin ayıbını örtəsi deyil.
Bugünkü mənzərə yeni klub rəhbərliyinin sabiq rəsmilərə hörmətsizliyin aynasıdır.
XANOĞLAN İMANOV