Premyer Liqamıza yeni avrokubok iddiaçısı gəlir!

15 Aprel 20:20 Kəpəz 3 889
Premyer Liqamıza yeni avrokubok iddiaçısı gəlir!

“Kəpəz” sonuncu oyunda “Araz-Naxçıvan”ın qapısı qarşısında yaratdığı çoxsaylı qol imkanlarından birini dəyərləndirə bilsəydi, “Sumqayıt”ı geridə qoyacaq, “Şamaxı”yla “Neftçi”yə yaxınlaşacaqdı.

Bu komanda hazırda çempionatın ən məzmunlu və sürətli futbol sərgiləyən 3-5 kollektivdən biridir. “Kəpəz”in performansı sözün əsl mənasında könül oxşayır.

Xüsusən qış fasiləsində heyətdə edilən dəyişikliklərdən sonra gəncəlilər inanılmaz yüksəlişə nail olub.

“Turan Toviz”un qapısından 5 top keçirmək, “Sabah”ı iki oyunda məğlub etmək, “Neftçi”ni Tovuzdan Bakıya xalsız yola salmaq, “Qarabağ” və “Araz-Naxçıvan” kimi güclü rəqiblərdən xal qoparmaq – bütün bunlar zarafat ola bilməz.

Heç təsadüf də deyil. Təsadüf bir olur, iki olur. Lakin bu boyda həngamə komandanın əsl gücünün göstəricisidir.

Əminliklə deyirəm ki, yayda yanlış transferlər olmasaydı və ya Azər Bağırov o dönəmdə gəlsəydi, “sarı-göylər” bu gün ortabab sıralarda qərarlaşıb, bəlkə də avrokubok iddiasına düşərdi.

Bu komanda ev oyunlarını Gəncədə keçirmir, gəncəli azarkeşlərin dəstəyini Gəncədə olduğu qədər hiss etmir. Buna baxmayaraq, futbol oynayır, rəqibləri özü ilə ayaqlaşmağa məcbur edir və ən əsası nəticə qazanır.

Gəncədəki stadion hazır olandan, yeni sponsorun gəlişi ilə büdcə artandan sonra “Kəpəz” daha iddialı, daha parlaq görünəcək.

Bu komanda gələn il avrokubok mübarizəsinə qoşulsa, təəccüblənməyin. Hər şey buna doğru aparır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!