“Kəpəz”in avtobusunun üzərində “100k” layihəsi ilə bağlı piksellərlə dolu bannerin yapışdırıldığını xəbər vermişdik.
Şəkildə ayrı-ayrı şəxslərlə yanaşı, klubla əməkdaşlıq edən “Memorial Hospital”, “Aqua Life” kimi şərkətlərin adları həkk olunub.
Lakin adlı-sanlı bəzi şirkət adları var ki, adamı düşünməyə vadar edir.
Məsələn, “Agro Sport”, “Polatyol”, “Babir” və sair. İlk baxışda adam təəccüblənir ki, bu qədər şirkət “Kəpəz”ə yaxınlıq edirsə, sponsorluq əlini uzadırsa, klubun maliyyə durumu niyə ürəkaçan deyil?
Məsələyə aydınlıq gətirmək üçün “100k” layihəsinin ideya müəllifi Futbol İnkişaf Fondurnun mövqeyini öyrənməyi lazım bildik. Ki, görək, sözügedən şirkətlərin “Kəpəz”lə nə əlaqəsi var.
Fondun sözçüsü Mehriban Mürsəlova sualımıza cavab olaraq bunları dedi:
“Kəpəz 100k” layihəsində individual şəxslərlə yanaşı, korporativ sektor da cəlb olunmuşdu. Şəkildə adları yer alan şirkətlər piksel alan şirkətlərdir”.
HƏBİB / SPORTİNFO.AZ

