
«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürovla bağlayacağı müqavilənin müddəti və şərtləri bilinib.
Onu 8 ay sonra Gəncəyə qaytaran funksionerlər ortabab komanda yaratmağı tələb edib.
«Sarı-göylər» növbəti mövsüm 5-6-cı sıralar uğrunda mübarizə aparmalı, turnir cədvəlinin «zirzəmi»sinə enməməlidir.
Bu tapşırıq yerinə yetirilərsə, Şükürovla kontrakt 2026-cı ilin yayında avtomatik olaraq daha 1 il uzadılacaq.
Klubun yeni rəhbərliyinin köhnə-yeni baş məşqçiyə ödəyəcəyi əməkhaqqının məbləği də məlum olub. O, 9000 manat civarında maaş alacaq.
Bu təyinat ən qısa zamanda rəsmiləşəcək. Bəlkə də elə bu gün açıqlanacaq.
Şükürov ilk dəfə 2023-cü ilin payızında Gəncə təmsilçisinin sükanı arxasına keçib. 2024-cü ilin sentyabrında isə onun dönəmi başa çatıb.
Premyer Liqaya ardıcıl 5 məğlubiyyətlə start vermək sözügedən çalışdırıcının sonunu gətirib.
Bu vəzifəyə gələn Azər Bağırov komandanı düşdüyü ağır böhrandan çıxarıb. Bütün bədbin proqnozları alt-üst edərək, «sarı-göylər»i çempionatda saxlayıb.
Bağırov yeni yönətimlə arasındakı ciddi fikir ayrılıqlarına görə Nizami yurdundan aralanmalı olub.
İdarəçilər verdikləri vədi yerinə yetirməyib, maaşını artırmayıb. Gənc mütəxəssis isə əvvəlkitək 7000 manat məvacib qarşılığında işləmək istəməyib.
Maraqlıdır ki, A.Bağırova «yox» deyən funksionerlər A.Şükürova 2000 manat artıq əməkhaqqı verməyə pul tapıb. Onun ilk dönəmdə də «Kəpəz»də ayda bu qədər pul qazanmasını xatırladaq.
SPORTİNFO.AZ