“Barselona” tarixən ingilis futbolçularla sıx əməkdaşlığı ilə seçilməsə də, vəziyyətin dəyişə biləcəyi söylənir.
Hazırda komandanın heyətində Markus Reşford çıxış edir və gələcəkdə onun həmyerlisi də “Barsa”ya qoşula bilər.
Klub prezidentliyinə namizəd Xavyer Vilyaoana seçkilərdə qalib gələcəyi halda, “Bayern”in hücumçusu Harri Keyni transfer etmək niyyətində olduğunu açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 32 yaşlı futbolçunun ətrafı ilə artıq əlaqələrin mövcud olduğunu deyib:
“Onun nümayəndələri ilə təmasdayıq. Peşəkar işləmək lazımdır. Keyn cərimə meydançasında əsl “killer”dir. “Barselona”ya məhz belə hücumçu lazımdır”.
Komandanın hazırkı əsas hücumçusu Robert Levandovski 2022-ci ildə məhz “Bayern”dən transfer olunaraq, Kataloniya təmsilçisinə qoşulmuşdu.

