“Barselona” fevralın 16-da İspaniya La Liqasının 24-cü turunda səfərdə “Jirona”ya 1:2 hesabı ilə məğlub olub.
Komanda turun nəticələrinə əsasən, liderliyi itirib.
İspaniya mətbuatı komandanın yarımmüdafiəçisi Frenki de Yonqu sərt tənqid edib. Niderlandlı futbolçu kapitan sarğısı ilə 90 dəqiqə meydanda olsa da, çıxışı qənaətbəxş sayılmayıb.
Sportinfo.az İspaniya mətbuatında dərc olunan yazılardan bəzi hissələri təqdim edir:
“Marca”: “De Yonq topa sahib olmanı nəticəyə çevirə bilmir və yaradıcılığı azdır”.
“Mundo Deportivo”ya görə, “Komandanın yenidən birinci yerə yüksəlmək istədiyi məqamda ona yarımmüdafiədə liderlik və avtoritet çatmır. De Yonq əsasən adi ötürmələr edir və müdafiədə qərarsız təsir bağışlayır”.
“Sport” isə qeyd edib ki, “De Yonq “Barselona” açıq-aşkar dominant oynayanda yaxşı görünür, ancaq balans pozulanda çətinlik yaşayır və zəif tərəfləri üzə çıxır”.
“Barselona” hazırda turnir cədvəlində lider “Real”dan iki xal geri qalır və 2-ci pillədə qərarlaşıb.

