
La Liqanın prezidenti Xavyer Tebas “Real”ın oyun təqvimi ilə bağlı narazılığına münasibət bildirib.
Bundan əvvəl Madrid klubu 1-ci turda “Osasuna” ilə keçirilməli olan oyunun tarixinin dəyişdirilməsi üçün İspaniya Kral Futbol Federasiyasına müraciət etmişdi. Ancaq bu müraciət rədd olunub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas federasiyanın qərarını dəstəkləyib:
“Artıq mövqeyimizi bildirmişik: bərpa üçün kifayət qədər vaxt var və bu, ümumi müqavilədə müəyyən olunmuş qaydalara uyğundur.
Problemi La Liqa yox, Klublararası dünya çempionatı kimi turnirlər yaradır. Bu turnir birtərəfli şəkildə oyun tarixlərini müəyyən edir. Hətta FIFPro
(Futbolçuların Həmkarlar İttifaqı) da bu vəziyyətdən şikayətçidir”.
Tebas digər nümunələrə də toxunub:
“PSJ UEFA superkubokunu 13 avqustda oynayacaq, Fransa çempionatına isə 17-də başlayır. “Çelsi” Premyer Liqaya 17 avqustda, “Real” isə 19-da start verir.
Düşünürəm ki, bu, kifayət qədər vaxtdır. “Real”ın heyətini və Klublararası dünya çempionatından əldə etdiyi gəliri nəzərə alsaq, cəmi bir neçə saatlıq fərq narazılıq üçün əsas ola bilməz”.