“Neftçi”ni uddu, ardınca xoş xəbər aldı – “Sabah”da üzlər gülür

30 Oktyabr 2022 14:40 Sabah 600
“Neftçi”ni uddu, ardınca xoş xəbər aldı – “Sabah”da üzlər gülür

Hesabat turunda baş tutan “Neftçi” – “Sabah” qarşılaşması (2:3) həftəyə damğa vurdu.

Kifayət qədər gərgin keçən və 5 qolun vurulduğu oyunda qırmızı vərəqə, penalti, iki komanda üzvləri arasındakı mübahisə-münaqişələr mərkəzi görüşə rəng qatdı.

Meydanda ən yaxşılardan olan Aleksey Kaşukun İsmayıl Zülfüqarlının aşkar kobudluğundan sonra ağır zədə alıb meydanı göz yaşları içində tərk etməsi isə arzulanan görüntü deyildi.

Komandanın baş məşqçisi Murad Musayev oyunsonrası mətbuat konfransında Kaşukun durumuna MRT müayinəsindən sonra aydınlıq gələcəyini bildirmişdi.

Odur ki, matçdan 2 gün sonra klubun mətbuat katibi Elnur Həmidovla söhbətdə Alekseyin zədəsinin ciddiliyini soruşduq. Məlum oldur ki, tibbi müayinədən sonra ukraynalı ilə bağlı xoş xəbər gəlib.

Belə ki, Kaşukun ayağında və topuğunda sınıq aşkarlanmayıb. Xəsarətin nə dərəcədə ciddi olmasına və futbolçunun məşqlərdən neçə gün kənar qalacağına yaxın 1-2 gün ərzində aydınlıq gələcək.

Aleksey Kaşuk cari mövsümdə “tələbələr”in heyətində meydana çıxdığı 6 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti