Özünü də, futbolçularını da cərimələməlidir – Bu hadisəyə görə!

8 Oktyabr 2023 14:00 İngiltərə 1 376
Özünü də, futbolçularını da cərimələməlidir – Bu hadisəyə görə!

Futbolun səsi, nəfəsi, canı qoldur.

O qolu vurdun, həyat sənindir. Vurmadın, cəhənnəm azabına yaxalanacaqsan.

«Qəbələ» 7 oktyabr, 2023-cü il tarixini unutmasın. Ələlxüsus Elmar Baxşıyev. «Səbail»lə qarşılaşmadan çıxarılması vacib nəticələr var.

Hər dəfə «yaxşı olacaq» deyib, mətbuat konfransını bağlayan, gözünü növbəti hesabat həftəsinə dikən baş məşqçiyə məsləhət verməkdən yoruldum ta! Bir az ciddi olmalıdır, komandasından da bunu tələb etməlidir.

Rəşad Əzizli bir neçə epizodda özündən çıxdı. O qalmışdı ki, yaxınlıqda olan meydandaşlarının üzərinə yerisin, əzişdirsin onları.

Hirsini güclə boğdu axırda.

İlahi, bu qədər qol epizodunu necə boşa vermək olar! 94 dəqiqə üstün futbol oyna, bir elə qolla burun-buruna gəl, birini də dəyərləndirmə -
insafınızı Allah kəssin!

Bu qəbildən olan məğlubiyyətlər qəbuledilməzdir. Rüfət Abdullazadənin 90+5-də gələn qolu sözün bitdiyi yerdir.

Elmar Baxşıyev özünü və meydanda şans verdiklərinin hər birini cərimələməlidir. Bir də belə səhlənkarlıq etməsinlər deyə!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti