
“Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq dairəsində qalır.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində həm “Liverpul”, həm də “Çelsi” maraqlıdır.
Hər iki klub Arauxonu 2026-cı ildə transfer etməyi planlaşdırır. Ancaq “Barselona”nın yaxın aylarda – xüsusilə də, yanvar pəncərəsində onu satmağa razı olacağı inandırıcı görünmür.
Uruqvaylı futbolçu ilə Kataloniya klubunun müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
Arauxo Hans-Diter Flikin rəhbərliyi altında bu mövsüm “Barselona”nın heyətində 7 matçda meydana çıxıb və 1 qol vurub.
Onu transfer etmək istəyən hər iki klub “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.