
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager hazırda Premyer Liqada 6 oyundan cəmi 7 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşan “Mançester Yunayted” barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klub rəhbərliyinin baş məşqçi Ruben Amorimə tam etibar etməsə də, ona transferlər üçün vəsait ayırdığını bildirib:
“Yeganə müsbət məqam odur ki, “Mançester Yunayted” baş məşqçinin sisteminə tam bağlı qalmadı. Onlar müdafiəçilərə çox pul xərcləmədilər.
Mövcud heyətlə dörd müdafiəçi ilə oynamaq mümkündür. Bruno Fernandes “10 nömrə” rolunda, sağ cinahda Brayan Mbeumo, solda Mateus Kunya, hücumda isə Benjamin Şeşko. Bacarıqlı bir məşqçi bu heyətlə komandanı avrokuboklara daşıya bilər”.
Karrager, Amorimin vəziyyətinə də toxunub:
“Gənc məşqçidir, “Sportinq”də (Lissabon) xüsusi işlər görmüşdü. İstəməzdim ki, kimsə işini itirsin, amma düşünürəm ki, hər iki tərəf üçün ən yaxşısı əl sıxıb yolları ayırmaq olar”.