
«Quba»nın prezidenti Ayaz Abdullayev Sportinfo.az-a açıqlama verib.
II Liqada mübarizə aparan şimal təmsilçisinin rəhbəri komandanın dağılması barədə iddiaları yalanlayıb.
Çempionatda üçüncü mövsümünü keçirən kollektivin birinci şəxsi bugünlərdə baş məşqçi postunu tərk edən Elvin Həsənovu qınayıb.
Sitat:
«Komandada olanların 90 faizi öz maaşını alıb. Elvin Həsənov «Şəki»yə gedib, indi 10-12 nəfəri də özüylə ora aparmaq istəyir.
Onların da hamısının bizimlə peşəkar müqaviləsi var. Buna baxmayaraq, klubun nüfuzuna xələl gətirəcək hərəkətlər edirlər.
Orada-burada açıqlama verirlər, olmayan şeyləri danışırlar, mənim əziyyətimi yerə vururlar. Çalışırlar ki, «Quba» qarşıdakı iki rəsmi oyuna çıxmasın
. Qərar verir ki, hansı komanda mövsüm ərzində iki oyuna çıxmasa, çempionatdan kənarlaşdırılacaq. Belədə müqaviləsi davam edən futbolçular azad agent statusu ala bilir.
Biz də həmin futbolçulara azad agent statusu verməyəcəyik. Hüquqi müstəvidə hamısı həll olunacaq.
Açığı, haqqımızda yayılan xəbərlərin əksəriyyəti yalandır. İkinci Liqa səviyyəsində normal şəraitimiz var.
Yer və məşq şəraitimiz yaxşıdır. Bəzi futbolçulara görə çətin durumdan keçir.
Eyni vəziyyəti keçən il də başımıza gətirmişdilər. Ona görə də bir az oyunçu qıtlığımız var.
Belə görünür ki, bunu onlara Elvin Həsənovun özü göstəriş verib. Bu, əslində, bizim üçün müvəqqəti çətinlikdir.
Hədəfimiz dəyişməz olaraq qalır. Yenə çempionluq uğrunda mübarizə aparıb, Birinci Liqaya vəsiqə qazanmaq istəyirik».