Azərbaycanlı baş məşqçi öz komandasına 60 manat ianə etdi

16 Avqust 2022 03:40 Hadisə 1 640
Azərbaycanlı baş məşqçi öz komandasına 60 manat ianə etdi

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov kluba avtobus alınması üçün 60 manat ianə edib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Futbolun İnkişaf Fondunun (FİF) "Turan 100K" layihəsində çərçivəsində 4 pikselli şəkil seçib.

Bununla da o, çalışdırdığı komandaya 100 min dəyərində avtobusun alınması üçün 60 manat ianə edib.

Həmçinin, komandanın kapitanı Şəhriyar Əliyev, qapıçısı Kamal Bayramov və Tovuz futbol məktəbinin yetirməsi, hazırda "Sumqayıt"da çıxış edən mərkəz müdafiəçisi Vurğun Hüseynov 1 pikselli (15 manat) ianə edib.

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zamir Həsənov, "Neftçi"nin sabiq yetirməsi, I divizion klublarında top qovmuş Məhəmməd Bədəlbəyli də eyni məbləğdə pul yardımı göstərib.

Xatırladaq ki, daha əvvəl "Karvan" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Yakuba Bamba 15 manat dəyərində ianə etmişdi.

Layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.

1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər.

İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq. Hazırda həmin avtobusun alınması üçün 6998 piksel qalıb.

Digər Xəbərlər
Xəbər Lenti