Tezliklə AFFA-da rəhbər vəzifəyə təyinat gözlənilir.
Bu barədə federasiyadan saytımıza bildirilib.
Qurumdan redaksiyamıza daxil olan məlumata görə, texniki direktor postuna axtarışlar yekunlaşmaq üzrədir.
Rəhbərlik niderlandlı funksionerlə uzun müddətdir apardığı danışıqlarda nəhayət, razılığa gəlməyə çox yaxındır.
Həmin idarəçinin adı çəkilməsə də, bu təyinatın qarşıdakı günlərdə rəsmiləşməsinin real olduğu vurğulanıb. Aprelin 4-dən bəri həmin vəzifə boşdur.
2020-ci ildən burada çalışmış Cahangir Həsənzadə ötən ayın əvvəlində AFFA-dan ayrılıb. Federasiyanın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yaxın kadrıyla müqavilənin müddəti uzadılmayıb.
Futbol təşkilatı son vaxtlar direktor kürsüsünə bir çox namizədi gözdən keçirib. Türkiyə, İsveçrə, Portuqaliya, İngiltərə, Xorvatiya və digər ölkələrdən olan funksionerlər siyahıda yer alıb.
SPORTİNFO.AZ

