
Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ötən il təşkil edilən ilk Qərbi Azərbaycan Kubokunun uğurla başa çatdığını, bu il də turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğuladı.
Onun sözlərinə görə, kubokda 18 rayon üzrə minifutbol komandaları formalaşdırılıb.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu təşəbbüsü irəli sürən icmaya təşəkkür etdi. O, minifutbolun ölkəmizdə ildən-ilə inkişaf etdiyini diqqətə çatdırdı.
Turnirin əhəmiyyətindən bəhs edən federasiya rəhbəri paytaxtla yanaşı bir sıra bölgələrdə də minifutbol meydançalarının olduğunu bildirdi.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə belə yarışların mütəmadi olaraq təşkil edilməsinin sevindirici hal olduğunu söylədi.
Azərbaycan minifutbol millisinin 2022-ci ildə Avropa çempionu tituluna sahib çıxdığını xatırladan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə bu idman növünə marağın böyük olduğunu qeyd etdi. O, minifutbolda əldə edilən nailiyyətlərdə ölkə rəhbərliyinin misilsiz rolunu xüsusi vurğuladı.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Qərbi Azərbaycan Kubokunun kütləviliyi ilə seçildiyini dedi. O, bu il komandalar arasında rəqabətin daha güclü olacağına inandığını bildirdi.
Tədbirdə, həmçinin minifutbol üzrə Azərbaycan millisinin Bakıda keçirilən dünya çempionatında əldə etdiyi uğurlu nəticələrdən bəhs olundu, komandanın qələbələrinin davamlı olacağına inam ifadə edildi.
Rəsmi çıxışlardan sonra kubokda oyunların tərtibatı barədə məlumat verildi. Qeyd edildi ki, ümumilikdə 18 komanda kubok uğrunda mübarizə aparacaq.
Komandalar A, B, C, D qrupu olaraq dörd hissəyə bölünüb və hər qrupdan bir kollektiv finalda mübarizəni davam etdirəcək.
Tərtibat barədə məlumat verildikdən sonra püşk atılıb və komandaların rəqibləri müəyyənləşib. Qeyd edək ki, Turnir iyunun 1-dən 26-dək keçiriləcək.
Daha sonra Qərbi Azərbaycan İcmasının rəsmiləriylə Azərbaycan Minifutbol Federasiyasının rəsmiləri arasında görüş keçirildi.
Qəırbi Azərbaycan icmasının idarə heyyətinin sədri Əziz Ələkbərli icmanın fəaliyyəti haqqında mini futbol federasiyasının rəssmilərinə \əlumat verdi. Turnirin keçirilməsi və gələcək əməkdaşlıqlar müzakirə edildi.