“Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxışı zamanı bildirib.
Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmaya kömək etmək cəhdlərini şərh edərkən bildirib: “Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur. Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.
Bu açıqlamalardan belə çıxmırmı ki, ABŞ sülh müqaviləsi hazırlayır?
Qeyd edək ki, martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. XİN-in məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Donfrid Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.
Eyni motiv ABŞ Prezidenti Co Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə Novruz təbrikində yer alıb.
Yada salaq ki, Moskvanın da öz “sülh variantı” var - harada ki, status məsələsinin gələcək nəsillərə, daha dəqiqi, Azərbaycana təzyiq vasitəsi kim saxlanması nəzərdə tutulur. Bunu martın 21-də Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra verdiyi açıqlama bir daha sübut edir. Lavrov hətta Qarabağı Donbasla müqayisə edərək dolayısı ilə ölkəmizi hədələdi.
Daha bir sual da budur ki, Rusiya özünün birbaşa iştirakı olmadan, Bakı və İrəvanın sülh müqaviləsi imzalamasına imkan verərmi? ABŞ Rusiyanı "ofsayt"da qoya biləcəkmi?
Əlavə edək ki, bir neçə gün öncə Ermənistan Ararat Mirzoyan tezliklə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşün keçirilə biləcəyini anons edib. Mirzoyan həmçinin deyib ki, “Azərbaycanla sülh müqaviləsi Qərb və ya Rusiya variantı ilə bağlı deyil və Ermənistan və Azərbaycan vasitəçisiz danışıqlar aparır.

