“Yaltaqlar mənə zəng etmədi” – Ramin Musayev kimi özünün rusdilli versiyası adlandırdı?

27 Aprel 2023 19:40 Gündəm 1 342
“Yaltaqlar mənə zəng etmədi” – Ramin Musayev kimi özünün rusdilli versiyası adlandırdı?

Aprelin 26-da Ramin Musayevin ad günü idi.

14 il Peşəkar Futbol Liqasına rəhbərlik etmiş şəxs yubiley yaşını – 60-ı qeyd edirdi.

Futbol təsərrüfatında çalışdığı dönəmdə özünəməxsus zarafatları və davranışları ilə qəlblərdə xoş izlər buraxmış Musayevlə xeyli vaxtdır danışmırdıq.

Müsahibənin ad gününə təsadüf etməsi həm söhbətin maraqlı alınmasını şərtləndirdi, həm də yenidən ötən illərə qayıtmaq imkanı yaxaladıq.

- Ad gününüzü təbrik edir, can sağlığı, rahat ömür arzulayıram.

- Diqqətin üçün təşəkkür edirəm.

- 60 yaşınız tamam oldu. Təəssüflənirsiz, yoxsa sevinirsiz?

- Hər yaşın öz gözəlliyi var. Sevinirəm ona görə ki, bu gün YPX əməkdaşı avtomobilimi saxlayıb, mənə “ağsaqqal” deyə müraciət edir. Adama ləzzət edir. Ağsaqqal sözünün iki mənası var. Biri yaşlı deməkdir, digəri müdrik anlamını verir. Təəssüflənirsən ona görə ki, 60-dan sonra 70 gəlir. Bu, həyatdır, heç nəyə təəssüflənmək lazım deyil.

- Qocalırsız?

- Qəlbən və ruhən yox. Ancaq hara fırladırsan fırlat, 60 yaşla 40 yaşın fərqi var.

- 40-da nə var idi 60-da yoxdur?

- 40-da anamla dostum yanımda idi, indi heç biri yoxdur.

- Allah rəhmət eləsin! Rövnəq müəllimin qardaşı Abbas Abdullayevi deyirsiz də.

- Bəli.

- Yubileyi necə keçirdiz?

- Ailə üzvlərim, nəvələrim, yaxın qohumlarım, rəhmətlik dostumun qızı, əmimin və bacımın uşaqları, yaxın dostlarım bir yerə yığılmışdıq. Təxminən 60-70 nəfərlə restoranda qeyd etdik.

- Nə gətirmişdilər?

- (gülür) Mən onları hədiyyəyə görə yığmammışdım ki.

- Onsuz da, ad gününü heç kim hədiyyə yığmağa görə etmir. İstər-istəməz gətirirlər də. Yadınızda qalan dəyərli hədiyyələrdən nə var idi?

- Yadımda qalan çox şey var idi. Sadəcə, sadalamaq istəmirəm. Ən gözəl hədiyyə bilirsiz nə idi?

- Nə?

- 4 yaşlı nəvəm adam şəkli çəkmişdi, yanına ürək qoymuşdu, altına da “baba” yazmışdı.

- Həmin gün məclisdə görmək istədiyiniz, lakin görmədiyiniz şəxslər var idi?

- Görmək istədiklərimin hamısı yanımda idi.

- Bu gün də səhv etmirəmsə Peşəkar Futbol Liqasının kollektivi ilə yığışmışdız.

- Bəli. Sağ olsunlar. Başda PFL prezidenti Elxan Səmədov olmaqla, bütün kollektivə öz təşəkkürümü bildirirəm. Allah canlarına dəyməsin.

- Qonaqlığı siz verirdiz, yoxsa onlar?

- Yox-yox, hər şeyi özləri təşkil etmişdi. Çox xoş oldu, açığı.

- Nə hislər keçirdiz?

- Vallah, özümü onlardan biri kimi hiss elədim. Elxan müəllim o qədər sadə və səmimi adamdır ki... Ramin Musayevin rusdilli versiyasıdır. Allah hər birinin işini avand eləsin.

- Öncəki yubileylərdə vəzifəli şəxs idiz, bu gün ev adamısız. Təbriklərin sayında fərq hiss olundu?

- Fərq oldu, ancaq az. Zəng etməyənlər yaltaqlar idi. Elələrinin təbrik etməməsi yaxşıdır.

- Yaltaqların siyahısını tutmusuz?

- Həbib, Allah atana rəhmət eləsin! Atanın hüzründə siyahı tutmamışdın ki. Ancaq kimlərin gəlib, kimlərin gəlmədiyi yadındadır da, düzdür? Anamın hüzrünə 3-4 min adam gəlmişdi, hamısı yadımdadır. Gəlməyənlər də yadımda qalıb. Hətta deyəndə ki, ay əmioğlu, filankəs gəlməmişdi, deyir, ay Ramin, sənin necə yadında qalıb? Bu cür məqamlar üçün Allah adama gözaçıqlıq verir. Heç nə yaddan çıxmır.

- 60-ı geridə qoyduz. 70 yaş üçün özünüzə nə arzulayırsız?

- Həmin yaşa çatmağı. İnşallah, o vaxta çatsam, həmin vaxt deyərəm. İndiyə qədər arzularıma çatmışam. Buna görə Allahımdan çox-çox razıyam. Bir arzum qalıb, ona da çataram inşallah.

- Hansı arzudur?

- Doğulduğum İncəoğlu kəndində məscid tikdirmək. Allahın izni ilə bu arzuma da çataram.

- Azərbaycan Premyer Liqasını izləyirsiz?

- Əlbəttə.

- Mütəmadi baxırsız?

- Nə yalan deyim, maraqlı oyunları izləyirəm.

- Stadionlara getmirsiz?

- Yox-yox, stadion mənlik deyil.

- Niyə? PFL rəhbəri olduğunuz dönəmdə də stadionlarda az-az görünürdüz. Xüsusi səbəbi var?

- Siz jurnalistlərin əlindən.

- Jurnalistlər nə edir sizə?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti