Azərbaycanın bu ölkələrlə quru sərhədləri açıla bilər

22 Aprel 2023 13:50 Gündəm 2 440
Azərbaycanın bu ölkələrlə quru sərhədləri açıla bilər

"Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi”.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb:

“Buna görə də Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı. Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.

Deputat Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılmasını məqsədəuyğun hesab edir:

“Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı. Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan vacibdir. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanla quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını aktuallaşdırıb”.

Millət vəkili qonşu ölkələrin epidemioloji vəziyyətinə uyğun olaraq sərhədlərin mərhələli şəkildə açıla biləcəyinin mümkünlüyü bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti