Bir neçə aydır problemlər məngənəsində sıxılan «CBC Sport»da növbəti dəfə «yarpaq tökümü» gözlənilir.
Bu məsələ artıq AFFA rəhbərliyinin gündəmindədir.
Təqribən 2 ay öncə federasiyanın baş katibi Sərxan Hacıyevin nəzarətinə verilən telekanal maliyyə problemlərini heç cür aradan qaldıra bilmir.
AFFA yaranmış çətinliklə bağlı həm SOCAR, həm də Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmələr aparır. Neft şirkəti illərdir dotasiya hesabına yaşatdığı «CBC Sport»un büdcəsini bərpa eləmək niyyətindən uzaqdır.
Bu səbəbdən mayın sonunda kanalın işçi heyətinin daha bir qrupu ilə yolların ayrılması istisna olunmur.
İki ay öncəki kimi yenə də 20-yə yaxın kadrın buradan kənarlaşdırılması nəzərdə tutulur.
AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun nəzarətindən çıxan telekanal artıq əməkhaqqı və qonorarların ödənilməsində çətinliklər yaşamaqdadır.
Kanal rəhbərliyi buranın işçisi olan, həmçinin xidməti müqavilə əsasında çalışan və əməkldaşlığa cəlb edilən digər personalın əlavə qazanc yerini qapadıb.
Belə ki, onlara qonorarın ödənilməsi dayandırılıb. Bunun nə qədər belə davam edəcəyi naməlumdur.
Ola bilsin, 1 ay. Ola bilsin, 1 il. Hər halda kollektiv üzvlərinin diqqətinə çatdırılıb ki, kanalın vəziyyəti qeyri-müəyyəndir.
SPORTİNFO.AZ

