Xəbər verdiyimiz kimi, fevralın 28-də FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov burada iştirak edib.
Rəsmi açıqlamaya görə, görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə ediblər.
"FIFA-nın Azərbaycan futboluna dəstəyi davam edəcək" - bunu Rövnəq Abdullayev ali futbol qurumunun rəsmi televiziyasına müsahibəsində deyib.
O, görüşün çox yüksək səviyyədə keçdiyini söyləyib: "Əsasən layihələr müzakirə olundu. Azərbaycan futboluna dəstəyinə görə FIFA-ya və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm".
R.Abdullayevin gözlənilməz şəkildə İsveçrəyə səfər etməsi, İnfantino ilə görüşməsi aydın səmada şimşək effekti doğurub. Və ictimaiyyətdə birmənalı reaksiya ilə qarşılanmayıb.
Ekspertlərin əsas qrupu AFFA prezidentinin qəflətən, səssiz-səmirsiz Avropanın mərkəzinə yollanmasının arxasında başqa səbəblərin
dayanmasını iddia edir. Onların fikrincə. Dördüncü müddətə AFFA-ya rəhbərlik edən Abdullayev FİFA-nın mənzil-qərargahına başqa məqsədlə üz tutub. Yəni ki, İnfantino ilə görüş sağollaşmaq niyyəti daşıyıb.
Bilindiyi kimi, martın 7-də AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası baş tutacaq. “Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.
Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Prezident tərəfindən iclasın açıq elan edilməsi
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.
Redaksiyamıza daxil olan məlumata görə, AFFA-da struktur dəyişikliyi gözlənilir. Vəzifə və səlahiyyət bölgüsünün aparılması gündəmdədir.
Düzdür, bu, hələ tam dəqiqləşməyib, amma SOCAR-ın baş sponsoru olduğu federasiyaya müvafiq təlimatlar verməsi bizə məlumdur.
2008-ci ildən qurumun prezidenti olan Rövnəq Abdullayevin istefası? Mənbələr bunu istisna eləmir.
Dördüncü müddətə bu vəzifəni tutan SOCAR-ın sabiq rəhbərinin futbolla bütün bağlantıları kəsmək istəməsi çlxdan məlumdur.
Amma bu da faktdır ki, gələcəyi ilə əlaqəli məlum qərarı təkbaşına vermək Abdullayevin gücü daxilində deyil.
AFFA martın 7-də Premyer Liqa və I Divizionun yeni mövsümə aid tərkibi ilə bağlı qərarını açıqlayacaq. Lisenziyalaşdırma Qrupunun hesabatı dinlənəcək və hər iki yarışın iştirakçılarının sayı dəqiqləşəcək.
Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarının I Diviziondan ayrılaraq ayrıca çempionatının bərpası, həmçinin Region Liqasından birinci liqaya gələcək kollektivlərin adları burada bilinəcək. Hər halda son gəlişmə bu yerdədir.
Söz vaxtına çəkər, R.Abdullayevin İsveçrə səfəri Elxan Məmmədovun ötən ilin bugünlərində İnfantino ilə görüşə yollanmasını yadımıza salır.
Onda da AFFA-nın saytı təxminən eyni məzmunlu xəbər yaymışdı. Az keçmədi.
Məlum oldu ki, demə, AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi FİFA-dan iş almaq xahişi ilə qurumun prezidentinin qapısını döyüb.
Dünya futboluna cavabdeh təşkilatın bir nömrəli şəxsi onun müraciətini yerə salmadı, Paris ofisində çalışmasını təmin elədi.
Böyük ehtimalla, R.Abdullayev də öz gələcəyi ilə əlaqəli məsələlərə görə İnfantinonun hüzuruna yollanıb.
İndidən belə xəbərlər var ki, ötən ilin dekabrında «Neftçi»nin Müşahidə Şurasının sədri postuna gətirilən Rövşən Nəcəf AFFA-nın yeni prezident ola bilər.
Bildirilir ki, onun paytaxt klubunun başına gətirilməsi, əslində federasiya itlə bağlı gələcək planların tərkib hissəsidir.
Keçən ilin fevralında SOCAR-ın prezidenti səlahiyyətlərini icraçısı təyin olunan, bir neçə ay sonra bu posta təsdiqlənən N.Nəcəf hazırda AFFA-da da Rövnəq Abdullayevin bir nömrəli əvəzləyicisi hesab olunur.
R.Abdullayev SOCAR-dakı vəzifəsini itirdən bəri futbolla bağlı işlərdən uzaqlaşıb. O. sadəcə, ara-sıra tədbirlərdə iştirak edir, amma heç bir real fəaliyyəti yoxdur.
Ya hesabat konfransında, ya da İcraiyyə Komitəsinin iclaslarında görünən federasiya prezidenti yaxşı bilir ki, burada gün sayır.
Onun səlahiyyət müddəti gələn ilin martında bitir. 2008-ci ildən AFFA-ya rəhbərlik edən R.Abdullayevin ürəyindəndir ki, futboldan tez getsin.
Çünki bu sahəyə ayırmağa daha maddi imkanı yoxdur. Hələ 7-8 il öncə AFFA ilə vidalaşmaq fikrinə düşən Abdullayevin bununla bağlı rəsmi çevrələrə qeyri-rəsmi müraciət etməsini dövrü mətbuat çox yazıb.
İndi isə Rövşən Nəcəfin ayaq səsləri federasiyanın biraddımlığında eşidilir. AFFA-nın nizamnaməsinə görə, qurumun prezidenti postuna namizəd şəxs minimum 2 il futbol sahəsində fəaliyyət göstərməlidir.
Nəcəf cəmi 2,5 ay öncə «Neftçi»nin Müşahidə Şurasının sədri seçildiyindən, mümkündür ki, AFFA-nın nizamnaməsində müvafiq dəyişiklik edilsin, 2 illik tələb 1 ilə endirilsin.
SPORTİNFO.AZ

