Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü rədd etməklə yanaşı, Qarabağdakı separatçılara dəstəyini gücləndirməkdən çəkinmir.
Eyni zamanda açıq şəkildə həmin separatçıların hansısa “hərəkata başlama gününü”nü təbrik etməkdən də qalmır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı separat hərəkatının başlamasının 35 illiyini “təbrik”i də buna sübutdur. Belə ki, o, müraciət yayaraq, 1988-ci il fevralın 20-də başlayan separatçılıq hərəkatını “Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq” kimi təqdim edib. “Hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik. Qarabağ hərəkatı Qarabağ xalqının öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etməli idi”. Paşinyan daha sonra iddia edib ki, 35 ildən sonra da Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir. O, hazırkı vəziyyətdə Qarabağda yaşayan ermənilərin guya “mühasirədə” olduğunu bildirib. Ermənistanın baş naziri hazırda Laçın dəhlizi və ermənilərin humanitar problemlərini həll etmək üçün beynəlxalq təşkilatlarla ciddi şəkildə işlədiklərini də dilə gətirib. N.Paşinyan deyib ki, yalnız həmin təşkilatlar vasitəsilə yolun açılmasına nail olmaq mümkündür. Paşinyan sonda müraciətində Qarabağ ermənilərinə “Artsax vətəndaşları”- deyə xitab edib. Daha sonra qeyd edib: "Dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun! Yeni qlobal və regional çağırışlarla üzləşərək, bu yolda bizi gözləyən fəsadları və problemləri anladığımız qədər, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Ümumiyyətlə, dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi olub və biz bu məqsədə doğru irəliləməliyik”.
Ermənistan fevralın 15-də Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib. İddia olunur ki, Ermənistan yeni təkliflərdə yenə də Qarabağ erməniləri şərti qoyub. Paşinyanın bu müraciəti də onu göstərir ki, İrəvan daxili basqılar və Qərbdən aldığı təlimatlarla yenidən separatizmi körükləyir.

