I Divizionda 16 tur arxada qalıb.
Ekvator xəttini keçən aşağı liqa təmsilçiləri arasında «Araz Naxçıvan» ən öndə gedəndir.
Muxtar Respublika mənsubu 38 xalla turnir cədvəlinin zirvəsində yer alıb. Bölgə klubu ən yaxın izləyicilərindən «Turan Tovuz» və «Neftçi»nin əvəzedici komandalarını 7 xal qabaqlayır.
AFFA-nın baş katibi Sərxan Hacıyev bəribaşdan elan edib ki, I Divizionun çempionu növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq.
«Araz Naxçıvan» buna ciddi hazırlıq görür. Yerli federasiya AFFA-nın lisenziyalaşdırma meyarlarını yerinə yetirmək üçün səfərbər olub.
Altı şərtin hər birinə məsul şəxs ayrılıb. Bakıdan gələn nümayəndələr tez-tez regiona baş çəkir, Naxçıvan Futbol Federasiyasının təmsilçiləri ilə birgə şəraiti yerində incələyir.
Əksəriyyət bu fikirdə idi ki, Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri postundan istefa verməsindən sonra «Araz Naxçıvan»ın da «kitab»ı bağlanacaq, klub əl dəyişəcək, Premyer Liqa iddiasını itirəcək.
Hələlik bunların heç biri olmayıb: işlər əvvəl necə gedirdisə, indi də o cür gedir.
«Araz Naxçıvan» hələ bir müddət əvvəl subyektə çevrilib. «Cahan Holdinq» baş sponsoru olduğu klubun təsisçiliyini tamamilə öz adına keçirib.
Yəni, Muxtar Respublikanın futbol brendi hazırda adıçəkilən şirkətlər qrupunun bir «qol»udur və nə qədər ki, «Cahan» Vüqar Abbasovdan alınmayıb, bu, belə də davam edəcək.
Bildiyimizə görə, müxtəlif dövlət qurumları yaxınlaradək Abbasovun biznes fəaliyyətini araşdırıb. «Cahan»a aid nə sahələr varsa, hamısı bircə-bircə incələnib.
Holdinqin işində ciddi nöqsanlar tapılsaydı, yəqin ki, o, artıq burada olmazdı.
Necə ki, Vasif Talıbova yaxınlığı ilə bilinən digər şirkətlərin əksəriyyəti başqa şəxslərin nəzarətinə verilib. «Cahan» Vüqar Abbasovda qalıbsa, deməli, «Araz Naxçıvan»ı yaxın müddətdə ciddi təhlükə gözləmir.
Təqribən 1 ay öncə mediada xəbərlər dolaşırdı ki, Bakıdan göndərilmiş audit qrupu klubun rəhbər və işçi heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirib, maliyyə məsələləriylə yaxından maraqlanıb, bu səpgidə çoxsaylı suallar verib.
İnformasiyaların canı bu idi ki, təftişçilər «Araz Naxçıvan»da ciddi maxinasiyaların izinə düşüb və təqsiri olan fiqurların cəzalandırılması istiqamətində sərt tədbirlər görüləcək.
Aradan ötən müddət bu məlumatları doğrulamadı. Fərdlərin hamısı öz yerindədir, biri də yerindən tərpənməyib/ tərpədilməyib.
Bu, ondan xəbər verir ki, «Araz Naxçıvan»a qarşı «qara piar» kampaniyası aparılır və Vüqar Abbasov Vasif Talıbovla münasibətlərinə görə qəsdən hədəf alınır, «vurulur».
Siqaret biznesindən gələrək böyük bir şirkət quran iş adamı «Araz Naxçıvan»ı mayadək öz nəzarətində saxlaya bilsə, ondan sonra məlum söz-söhbətlərin kökü tamamilə kəsiləcək.
AFFA-nın «ağ-qırmızılar»ı Premyer Liqada görmək həvəsi böyükdür. Fuad Nəcəfin Ali Məclisin sədri postuna təyinatı ilə bölgənin ölkənin ümumi futbol səhnəsinə sürətli adaptasiyası AFFA-nın marağındadır.
F.Nəcəflə qurumu himayə edən çevrələrin şəxsi münasibətləri illər əvvələ söykənir və «Araz Naxçıvan»ın bəxti bu sarıdan da gətirib.
Özgə vaxt Bakıdan kənara çıxmağa ərinən AFFA mənsubları yolunu tez-tez Naxçıvandan salırsa, qəbul etmək lazımdır ki, bu, yeni layihənin tərkib hissəsidir.
Muxtar Respublika klubu sonuncu dəfə 2014/15-ci il mövsümündə Premyer Liqada qüvvəsini sınayıb. O da yarımçıq.
«Araz Naxçıvan» ilk dövrə başa çatmamış çempionatın sıralarını tərk edib. Qərəzli hakimliyi əsas gətirərək.
Bəlli idi ki, bu qərarın arxasında Ali Məclisin ovaxtkı sədri Vasif Talıbov dayanır. Onun göstərişi olmadan mümkün deyildi ki, hansısa başqa addım atılsın. Talıbova boş yerə «Xan» demirdilər ki! AFFA rəhbərliyi həmin dönəmdə elə bu «Xan»ın pişvazına o qədər elçi/minnətçi salmışdı ki…
Hətta təklif eləmişdiər ki, bütün xərcləri qarşılamağa hazırdırlar, təki «Xan» klubu çempionata qaytarsın.
Onun böyük oğlu Rza Talıbovla Bakıda keçirilən görüşlər heç bir nəticə verməmişdi. R.Talıbov «mən atamın işinə qarışmıram» söyləyərək, AFFA-nın mövqeyini V.Talıbova çatdırmamışdı.
Naxçıvanın ictimai həyatında aparılan son islahatlar ölkə çapında xoş qarşılanıb və dəstəklənməkdədir. «Araz Naxçıvan» belə bir dönəmdə Premyer Liqanın vitrinində görünməsə, reaksiyalar birmənalı olmayacaq.
Deyiləcək ki, Vasif Talıbov vəzifədəki ömrünü uzatsaydı, AFFA onun qorxusundan klubu elitadan kənarda saxlamağa cürət etməzdi. AFFA bu qınağın ağırlığının altından qalxa bilməz.
Nəyi də olmasa, bunu yaxşı başa düşürlər.
Xəzər Hikmət

