“Qarabağ” və Azərbaycan millisinin veteran yarımmüdafiəçisi Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.
Futbol mütəxəssisi Azərbaycan Premyer Liqasının 22-ci turunun maraqla gözlənilən “Qarabağ” – “Sabah” qarşılaşması üçün tərəflərin şanslarını dəyərləndirib:
“Çempionatda "Qarabağ"la rəqabət apara biləcək komandalardan biri "Sabah"dır. Masazır təmsilçisi son zamanlar yaxşı performans göstərir.
Hətta bəzi mövqelərdə "Qarabağ"dan güclü olduğunu deyə bilərik. Məsələn, Aleksey Kaşuk "Qarabağ" və ondan da güclü komandalarda özünü göstərə biləcək potensiala sahib oyunçudur.
Mikels son oyunlar ardıcıl qollar vurur. Tam formada olduğunu demək olar.
Bu baxımdan təbii ki, azarkeşlərin ən çox gözlədiyi oyunlardan biridir. Sadalanan məqamlar həm də ümid verir ki, "Sabah" "Qarabağ" qarşısında yaxşı oyun göstərsin”.
Kərimov “Sabah” adına yuxarıdakı müsbət amillərə rəğmən, görüşün favoritinin meydan sahibləri olacağını dilə gətirib:
“Bütün bunlara rəğmən "Qarabağ"ın böyük təcrübəsi, uzun müddət bir yerdə çıxış edən heyəti onların daxili arenada özlərini daha sərbəst hiss eləmələrinə imkan verir.
Bunu unutmaq olmaz. Bəli, İndiki dövrdə "köhlən atlar" Kadi Borgesi, Kvabena Ovusunu, Şahruddin Məhəmmədəliyevi itirib.
Yeni gələn futbolçular var. Uzun müddət oyun təcrübəsi olmayan oyunçular var. Belə anda "Qarabağ"ı yaxalayıb, xal almaq, qələbə qazanmaq mümkündür.
Ciddi müqavimət görəcəyik. Amma yenə liderin uzun illərə söykənən təcrübəsi və heyəti meydanda sözünü demək şansı daha yüksəkdir”.
Tərəflər arasında 5 xal fərq var. Qonaqların qələbəsi çempionluq iddiasını daha da alovlandırmış olacaq.
Ümumiyyətlə, "Sabah" çempionluğu "Qarabağ"dan ala bilərmi?
Aslan bəyi dinləyək: “Məncə, bu, çox çətin olar. Bunun üçün Qurban Qurbanovun yetirmələri gərək bütün oyunlarda bərbad çıxış etsin.
Əvəzində "Sabah" bütün oyunlarda qalib gəlsin. Düşünmürəm ki, bu da mümkün olan bir şeydi.
Təbii ki, futbolda hər şey mümkündür. Ancaq uzun müddətli yola baxası olsaq, "Qarabağ"ın çempionluğu əldən verəcəyini düşünmürəm”.
XANOĞLAN

