“Mahirlə görüşdüm, mənə dedi ki…” - "Dinamo"nun məşqçisi

7 Fevral 2023 01:50 Gündəm 660
“Mahirlə görüşdüm, mənə dedi ki…” - "Dinamo"nun məşqçisi

Sportinfo.az "Bakı"nın sabiq legioneri, hazırda Zaqreb “Dinamo”sunun əvəzedicilərinin qapıçılarla işləyən məşqçisi Marko Şarliyanın müsahibəsini təqdim edir:

- Mahir Emrelinin ilk gündən "Dinamo"dakı vəziyyəti dəyişməyib. Sizcə, o, nəyə görə əsas heyətdə özünə yer tapa bilmir?
- Düşünürdüm ki, Mahir daha çox oynayacaq, daha çox meydanda olacaq. Amma öncədən də onun üçün ilk əvvəllər hər şey çətin keçəcəyini bilirdim. Çünki "Dinamo" böyük klubdur. Burada rəqabət hər zaman üst səviyyədədir. Mahir “Slaven Belupo”ya qarşı 45 dəqiqə oynadı. Normal da oyun nümayiş etdirdi. Hər halda, qollar vurmalıdır. Əgər bunu edə bilsə, daha çox oynayacaq.

- O, "Legiya"da özünü yaxşı tərəfdən göstərə bildi. Səncə, "Dinamo" onu əsas heyət oyunçusu, yoxsa perspektivli futbolçu kimi transfer etmişdi?
- Məncə, "Dinamo" Mahiri perspektivli futbolçu kimi dəvət etmişdi. Çünki o, gəncdir. Zamanı da var. Avropada oynayır ki, bu da çox şeydən xəbər verir. Əgər "Dinamo" Mahiri Azərbaycandan alsaydı, onun üçün çox çətin olardı. Çünki onlar düşünə bilər ki, Azərbaycan çempionatı o qədər də güclü deyil. Amma Mahir "Legiya"da özünü çox yaxşı göstərdi. O, perspektivli futbolçudur və bunu hamı bilir. Xorvatiya mətbuatı da həmişə onun haqda "gənc, yaxşı futbolçu" kimi qeyd edir. İndi sadəcə işləmək və gözləmək lazımdır.

- Mahirin qışda bir neçə variantı var idi. O, Belçika və ya İtaliyaya yollana bilərdi. Amma baş məşqçi Ante Çaçiç onu buraxmadı. Sizcə, o, icarəyə yollansa daha yaxşı deyildi?
- Türkiyədən təklifi olduğunu oxumuşdum. Bunun doğru olub-olmadığını bilmirəm. İtaliyada oynamaq çox çətindir. Belçikada bəlkə də, yaxşı oynamaq mümkündür. Amma "Dinamo" özü böyük klubdur. Onlar yenə çempion olub, avrokuboklarda çıxış edəcəklər. Orada da çox güclü oyunlar olacaq, güclü klublara qarşı matçlar keçirəcəklər. İtaliyaya və ya Belçikaya yollanıb, ya "Dinamo"da qalmasını müqayisə etsək, məncə, hazırkı klubunda karyerasını davam etdirməsi daha yaxşıdır. Fikrimcə, Mahir əsas heyətə düşmək uğrunda mübarizə aparmalıdır. Bunun üçün bütün keyfiyyətə malikdir.

- Ante Çaçiç Mahiri nə daxili oyunlarda, nə də ÇL-də əsas heyət üzvü kimi meydana buraxdı. Onun əsas heyətdə meydana çıxmasına nə mane olur? Əsas heyətdəki oyunçulardan zəifdir ki?
- Xeyr, o, çox yaxşı futbolçudur. Gəncdir, perspektivlidir, yaxşı sürəti, zərbələri var. Bunu da hamı bilir. Çünki “Legiya”da da göstərib, burada da. Sadəcə baş məşqçi belə qərar verirsə, demək ki, hörmətlə yanaşmaq lazımdır. Çünki hər baş məşqçinin özünəməxsus oyun fəlsəfəsi var. Ante Çaçiç Mahirin yaxşı futbolçu olmadığını düşünsəydi, onun xidmətinə gərək duymadığı fikrində olsaydı, bu barədə rəhbərliyə bildirərdi. Amma Mahir "Dinamo” üçün lazımlı oyunçudur. Hər halda, bu komandada 20 futbolçu var və hamısı oynayır, əvəzetmələrdən biri digərinin əvəzinə meydana daxil olur. Biri 90 dəqiqə oynayır, digəri 45 dəqiqə. "Dinamo"da belə sistem var. Mahir əsas heyətdəki oyunçulardan yaxşı olmadığı fikri ilə isə heç razı deyiləm.

- Hər halda, Mislav Orsiçin "Sauthempton"a transferindən sonra Mahirin daha çox oynayacağını ehtimal edilirdi....
- Düzü, mən də düşünürdüm ki, Orsiç getdisə, Mahirin oynaması üçün daha çox şans yaranacaq. Amma komandada digər əla futbolçular da var ki, onun mövqeyində oynayır. Hər halda, Mahirin "Dinamo" ilə hələ müqaviləsi qüvvədədir. Əminəm ki, zaman keçdikcə daha çox oynayaraq, hər şeyi sübut edəcək.

- Bilirəm ki, Mahirlə bir-birinizi yaxşı tanıyırsınız. Onunla görüşürsüz?
- Mahirlə arada-bir bir-birimizi görürük. Bu daha çox bazada olur. Məşqlər üst-üstə düşəndə və ya bizim məşqçimiz bitir, onların məşqi başlayanda qarşılaşırıq. Son dəfə isə tədbirdə görüşdük. Çempionatdan sonra restoranda yığıncaq var idi, orada üz-üzə gəldik, söhbətləşdik. O, yaxşı oğlandır, daim gülür. Əhvalı da yaxşı idi, normal görünürdü. Özü də mənə bildirdi ki, hər şey onu razı salır, sadəcə artıq oynamaq istəyir. Bu da normaldır. Hər futbolçu daha çox oynamaq istəyir. Məncə, az-az oynasa da, Mahir Zaqrebi, Xorvatiyanı bəyənir və burada özünü xoşbəxt hiss edir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti