Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir

3 Fevral 2023 16:30 Gündəm 2 645
Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir

Ermənistanın siyasi-diplomatik uğursuzluğu artıq ardıcıl prosesə çevrilməyə başlayıb.

Belə ki, rəsmi İrəvan bir-birinin ardınca beynəlxalq zərbələr almaqda davam edir.

Və bu proses istənilən halda, rəsmi İrəvanın ümidlərinin tükənməsinə, yenidən sülh danışıqları masasına geri dönməsinə səbəb olacaq.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Rusiya ilə sərt qarşıdurma cəhdlərinin əks effektini də artıq almağa başlayıb. Çünki Ermənistana növbəti sarsıdıcı zərbə məhz Rusiyadan gəlib. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun son açıqlaması Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığının nəticəsiz qaldığını göstərir.

Məsələ ondadır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın KTMT-dan Azərbaycanın açıq mətnlə birbaşa ittiham olunmasını tələb etdiyini bildirib. Ancaq onun fikrincə, KTMT üzvləri buna hazır deyillər: "Halbuki, bu, KTMT-nın hansısa tərəfi dəstəkləməsi anlamına gəlmir. Qarabağ müharibəsinin kökləri dərindir. Uzun illər Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Rusiya müxtəlif həll variantları təklif etsə də, Ermənistan həmin əraziləri öz nəzarətində saxlamaq istəyirdi. Ancaq Azərbaycan özünə məxsus əraziləri işğaldan azad etdi".

05be602560b6c4fde518f83889cbb60a.jpg (119 KB)

Beləliklə Ermənistanın işğalçı dövlət olduğunu rəsmən xatırladan rus nazir tərəflərin Alma-Ata deklarasiyası əsasında sülh sazişi imzalamaq barədə öhdəlik götürdüklərini də vurğulayıb: "Alma-Ata deklarasiyasında deyilir ki, müstəqil dövlətlərin sərhədləri sovet respublikalarının sərhədlərindən keçir. Dağlıq Qarabağ isə Azərbaycan SSR-in tərkibinə daxil idi".

Ermənistanın "şikayət siyasəti"nə daha bir zərbə ABŞ tərəfindən vurulub. Belə ki, ABŞ Dövlət Departamenti Ağ Evin Azərbaycan-Ermənistan münaqişəsinin həllində fəal iştirak edəcəyini bəyan edib. Üstəlik, bu məsələnin ABŞ-ın dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət daşıdığı da vurğulanıb.

Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda regional sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Üstəlik, sülh prosesinə yaradılan süni əngəllərdən də qətiyyən məmnun deyil. Hətta bunu Cənubi Qafqazda sülh prosesini ABŞ tərəfindən kurasiya edəcək yeni diplomatın təyinatı ilə bağlı bəzi məqamlar da rəsmi İrəvana dolayısı mesaj hesab oluna bilər.

Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken təcrübəli diplomat Lui Bononu səfir Filip Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Ancaq onun yeni vəzifəsindən "ATƏT-in Minsk Qrupunun həmsədri" statusu ixtisar olunub. Eyni zamanda vurğulanıb ki, yeni səfirin fəaliyyəti Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təmin edilməsi olacaq. Yəni, Ağ Ev bir tərəfdən Minsk Qrupunun artıq mövcud olmadığını mesajını verir. Digər tərəfdənsə, "Dağlıq Qarabağ mövzusu"nun müzakirə masasında olmayacağını da təsdiqləyir.

ef14b9c0-7d7b-4546-92ff-062e54303361.jpg (105 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti ardıcıl olaraq, iki sarsıdıcı siyasi-diplomatik zərbə ilə üzləşmiş oldu. Bir tərəfdən Rusiya Ermənistanı işğalçı dövlət kimi təqdim etdi, "Dağlıq Qarabağ"ın Azərbaycana məxsus olduğunu qabartdı. Buna paralel olaraq, ABŞ da sülh danışıqlarında "Dağlıq Qarabağ mövzusu"nun müzakirə edilməyəcəyinə eyham vurdu. Yəni, rəsmi İrəvanın avantürist davranışları və "timsah gözyaşları" artıq işə yaramır. Xankəndi və ətraf bölgə ilə bağlı prosesin Azərbaycanın daxili məsələsi olduğu beynəlxalq səviyyədə qəbul edilir.

Təbii ki, hadisələrin belə inkişafı Paşinyan hakimiyyətinin son aylarda qurduğu avantürist ssenarilərin boşa çıxdığını da təsdiqləyir. İndi rəsmi İrəvan mövcud situasiya ilə barışıb, sülh danışıqları masasına geri dönməyə məcburdur. Əks halda, itirilən zaman Ermənistanın əleyhinə işləyir və onu daha da qəliz situasiyaya doğru sürükləyir. Və Ermənistan mətbuatında yer alan son məlumatlara diqqət etdikdə rəsmi İrəvanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə əlaqələrinin zəifləməkdə olduğunu anlamaq çətin deyil.

Məsələ ondadır ki, hazırda Ermənistan cəmiyyətində "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibində olmasına münasibətin dəqiqləşdirilməsinə yönəlik sosioloji rəy sorğularının sayı artıb. Yəni, Ermənistan siyasi dairələri bu məsələni ciddi şəkildə müzakirə edir. Vəziyyətin dəyişməsinə yönəlik cəhdlərin uğursuz olduğunu anlayır. Və bu səbəbdən erməni toplumunun mövqeyini öyrənməyə ehtiyac duyur.

Digər tərəfdən isə Ermənistan mətbuatının iddialarına görə, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı almağa can atır. İrəvanda nəşr olunan "Hraparak" qəzeti Qarabağda olan mənbələrinə istinadən iddia edib ki, Xankəndi və ətraf bölgədə yaşayan 30-35 min erməni Azərbaycan vətəndaşlığını qəbul etməyə artıq hazırdır. Belə bir mövzunun və məlumatın Ermənistan mətbuatına çıxması prosesin sona çatmaq üzrə olduğunu göstərir.

56da38c26259bbf4054f22ff94738c16.jpg (225 KB)

Məsələ ondadır ki, 30-35 min erməninin Azərbaycan vətəndaşı olmaq istəyi Xankəndi və ətraf bölgədə yaşayan hər kəsin buna hazır olması deməkdir. Çünki Azərbaycanın Xankəndi və ətraf bölgəsində 120 min erməninin yaşaması barədə iddialara heç kim inanmır. Son vaxtlar dünyanın bəzi nüfuzlu media qurumları da rəsmi İrəvanın belə şişirdilmiş rəqəmləri ortaya atmaqla, beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdiyini vurğulayır. Ümumiyyətlə isə Rusiya mənbələrinin açıqladığı rəqəmlərin təhlili Xankəndi və ətraf bölgədə təxminən 25 minə yaxın erməninin yaşadığını göstərir.

Digər tərəfdən, belə məlumatlar həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində situasiyanın erməni separatçı-terrorçuların, o cümlədən də Kreml "təxribat emissarı" Ruben Vardanyanın nəzarətindən çıxmaq üzrə olduğunu göstərir. Çünki R.Vardanyan bölgədə ermənilərin sərbəst hərəkətini və toplaşmasını qadağan edib. Bəzi iddialara görə, buna səbəb ermənilərin Azərbaycanla birbaşa ünsiyyət qurmaq üçün Şuşa istiqamətində hərəkət edə biləcəkləri ilə bağlıdır. Digər tərəfdən, Kremlin "təxribat emissarı"nın erməni əhalinin onun fəaliyyətinə qarşı etiraz aksiyaları keçirə biləcəklərindən də ehtiyatlandığı bildirilir.

Ancaq indi belə anlaşılır ki, R.Vardanyan artıq situasiyanı nəzarətdə saxlamaqda, reallıqları gizlətməkdə çətinlik çəkir. Əgər, artıq Ermənistan mətbuatı da Xankəndi və ətraf bölgədə ermənilərin Azərbaycan vətəndaşlığına can atdıqlarını açıq şəkildə iddia edirsə, deməli, problemin həlli o qədər də uzaqda deyil. Və yaxın vaxtlarda bu məsələ Azərbaycan qanunvericiliyinə uyğun şəkildə nizamlana bilər (musavat.com).

Xəbər Lenti