Azərbaycanı müharibəyə cəlb etmək cəhdləri - İrəvanı və separatçıları gözləyən sonluq...

21 Yanvar 2023 02:30 Gündəm 411
Azərbaycanı müharibəyə cəlb etmək cəhdləri - İrəvanı və separatçıları gözləyən sonluq...

Son günlər müharibə ritorikası yenidən artıb.

Ermənistanda bir sıra siyasi dairələrin və Qarabağdakı separatçı rejimin - revanşist meylli qrupların davranışları, antisülh çağırışları, xüsusən Ruben Vardanyanın apardığı xətt növbəti gərginlik ocağı yaradıb.

Hətta Qərb, Rusiya mediası, analitikləri də belə iddialar səsləndirməyə başlayıb ki, üçüncü Qarabağ savaşı qaçılmaz ola bilər. Son günlərdə bir neçə xarici ekspert, konfliktoloq belə şərh verib ki, Ermənistan könüllü olaraq öhdəlikləri yerinə yetirmək istəmir və bu səbəbdən üçüncü savaş qaçılmaz ola bilər.

Onlar hesab edirlər ki, Azərbaycan bununla da məsələni öz istədiyi variantda, tam sonlandıracaq. Ancaq danılmaz faktdır ki, Azərbaycan qətiyyətlə müharibə istəmir, sülh arzusundadır. Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində xüsusi olaraq vurğuladı: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin”.

Ancaq Azərbaycanın müharibə mövzusuna bir daha qayıtmamaq, öhdəlikləri yerinə yetirmək və sülhə doğru addımlamaq çağırışlarından sonra ermənilərin yenə də düzgün nəticə çıxarmadıqları sezilir. Təbii, Azərbaycanın müharibə yox, sülh istəməsi o demək deyil ki, Qarabağda ermənilərin yaşadıqları, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə revanşizm meylləri artarsa, onlara göz yumulacaq. Belə meyllər müşahidə olunan kimi, ordumuz - dəmir yumruq işə düşəcək.

Son günlərin artan savaş ritorikasından sonra Azərbaycanın Müdafiə Nazirliyinin iki mühüm müharibə generalının-Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin və Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyevin Qarabağdakı hərbi hissələrə yollanması da ermənilərə qəti bir xəbərdarlıq kimi başa düşülə bilər. General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət edilməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib. Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib. Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb. Qoşunların dağ hazırlığı tapşırıqlarında döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin dağlıq ərazilərdəki təbii maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə, ştat silahından, o cümlədən dronlardan effektiv istifadə edilməsinə, həmçinin gündüz və gecə vaxtı istənilən hava şəraitində döyüşün aparılması bacarığına xüsusi diqqət yetirilir. Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Ermənistan ordusu İkinci Qarabağ müharibəsindən sonra tamamilə darmadağın olub. Ermənistanda əhali səfil günündə yaşayır. Ağıllı ermənilər birmənalı şəkildə müharibə istəmirlər. Ancaq müəyyən bir qism xarici dairələrin təsiri ilə pozuculuqla, təxribatlarla məşğul olmaqda davam edir. Onlar niyə reallıqların fərqində deyil, nəyə arxayındırlar və sonuc olaraq nəyə nail olmağı hədəfləyirlər? Azərbaycanı müharibəyə cəlb etmək cəhdlərinin arxasında hansı niyyətlər var? Əgər bu cür davranış davam edərsə, İrəvanı, separatçı rejimi nə gözləyir?

Politoloq Anar Əliyev "Yeni TV"-nin canlı yayımında

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son dövrlər sülh danışıqlarını uzatmaq və sülh prosesini sabotaj etmək istiqamətində davranış nümayiş elətdirir: "Ermənistanın davranışları mümkün qədər Azərbaycanla sülh prosesinin uzadılması ilə Cənubi Qafqazda baş verən proseslərə təsir etmək və onun istiqamətini dəyişə biləcək yeni qlobal proseslərin formalaşdırılması anının gözlənilməsinə xidmət edir. Bu proseslər daha çox Türkiyədə keçiriləcək Prezident seçkiləri və Rusiya-Ukrayna müharibəsinin nəticələrinin gözlənilməsinə hədəflənib. Hesab edirəm Ermənistan danışıqlar prosesini bu ilin sonuna qədər uzatmaq üçün bütün mümkün təxribatlara getməyə çalışır. Təbii ki, belə bir davranış yeni münaqişə təhlükəsini ortaya çıxarır. Bu vəziyyət Azərbaycanı birtərəfli qaydada prosesi tənzimləmə məcburiyyəti qarşısında qoya bilər. Bunu da üçüncü Qarabağ müharibəsi kimi qiymətləndirməyə çalışırlar. Bu, beynəlxalq hüququn Azərbaycana tanıdığı imkanlardır. Beynəlxalq hüquq və presedent imkan verir ki, Azərbaycan sülhə gəlmək istəməyən Ermənistanı sülhə məcbur etmə əməliyyatlarına başlasın. Bu, nədən ibarət ola bilər? Birincisi, 10 noybar üçtərəfli bəyanatının tələblərini icra etmək istəməyən Ermənistanı həmin bəyanatın tələblərini icra etməyə məcbur etmək. Qısamüddətli antiterror əməliyyatı həyata keçirməklə ərazimizdəki erməni separatçı qüvvələrinin vurulub sıxışdırılıb çıxarılması, məhv edilməsi ilə bu proses yekunlaşa bilər. İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ilə bağlıdır ki, Ermənistan mümkün qədər bu prosesi uzatmağa çalışır. Bu halda beynəlxalq hüququn tanıdığı imkanlardan istifadə etməklə Azərbaycan birtərəfli qaydada özünün məqbul bildiyi və əlindəki mövcud tarixi, siyasi xəritələr əsasında sərhədin yerlərdə demarkasiyasını həyata keçirib həmin demarkasiya edilmiş ərazilərin Azərbaycanın sərhəd qoşunları tərəfindən qorunmasını təmin edə bilər. Bu mənada hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında üçüncü Qarabağ müharibəsinin həyata keçirilməsi o qədər də real deyil. Amma Ermənistan tərəfindən, xüsusilə də Ermənistanın havadarları tərəfindən Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmağa çox ciddi cəhdlər, addımlar müşahidə olunmaqdadır”.

Politoloq qeyd etdi ki, bir çox dairələr Cənubi Qafqazda formalaşmış Azərbaycanın Vətən müharibəsi nəticəsində yaratdığı reallıqları dəyişməyə xidmət eləyən yeni addımların atılmasında maraqlı görünürlər. Onlar təbii ki, başlıca olaraq hərbi şəraiti dəyişməyə xidmət edən proseslərin reallaşmasında maraqlıdırlar: “Hətta Ermənistanı Azərbaycanla növbəti hərbi toqquşmaya qədər sürükləyə biləcək variantlar məqbul hesab edilir ki, nəticə etibarilə Ermənistan tərəfindən böyük itkilərin yaşanması və bundan sonra Ermənistanın havadarlarının Azərbaycan əleyhinə əllərinə əsaslar ala biləcəklərini düşünürlər. Bu prosesdə heç bir halda Ermənistan uğurlu nəticələr əldə edə bilməyəcək. Bunu dərk eləyən Ermənistan siyasi elitası, cəmiyyəti Fransa kimi Avropa dövlətlərinin, təşkilatlarının əlində alət olmaq istəməyəcəklər. Əks halda, 44 günlük Vətən müharibəsinin nəticəsinin daha da dərinləşməsi, Azərbaycanın Cənubi Qafqazdakı proseslərə təsir imkanlarının daha da artması və Ermənistanın daha ciddi böhranlarla üz-üzə qalmasını labüd edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!