Canni De Byazi öz qiymətini necə qaldırır? – GİZLİ GEDİŞAT

30 Sentyabr 2022 23:40 Gündəm 1 582
Canni De Byazi öz qiymətini necə qaldırır? – GİZLİ GEDİŞAT

Canni De Byazi Azərbaycan millisinə təyinat alanda onun uğurlu olacağına ümid bəsləyənlər az deyildi.

Ki, adam Albaniya kimi yığmanı Avropa Çempionatına aparmağı bacarmışdı. Hardasa məntiqli ümid idi.

Amma arxada qalan iki ildə italiyan mütəxəssisin rəhbərliyi altında millinin nəticələri də, göstərdiyi oyun da məntiqli-məntiqsiz bütün ümidlərin üzərində xətt çəkdi.

O, əvvəlcə ilk qatıldığı Millətlər Liqasında Lüksemburqun olduğu qrupda üçüncü yeri tutdu. Sonuncu pillə isə tam olaraq yenilənən "Kipr" millisinə qismət oldu.

Qurban Qurbanov həmin Millətlər Liqasında ikinci pilləni tutanda adını uğursuzluq qoyanlar (Halbuki onun qarşısına lider olmaq kimi tələb qoyulmamışdı) əcnəbi mütəxəssisə güldən ağır söz demədi. Hələ qarşılğında onunla yollar davam etdirildi.

O da bu jestin qarşılığı olaraq DÇ-2022-nin seçmə mərhələsini 1 xalla başa vurdu. Yenə Lüksenburqla eyni qrupda mübarizə aparan milli hər iki matçda da uğursuzluq yaşadı.

Ən azı bundan sonra onunla bitən müqavilənin yenilənməyəcəyi ehtimal edilirdi. Amma tam tərsini gördük. Daha aşağı maaşla əsas milli növbəti 10 aylığa Canni De Byaziyə tapşırıldı.

Ona olan inamın üçüncü cəhdi də fiasko ilə bitdi. Bu dəfə Millətlər Liqasında milli komanda Qazaxıstanın lider olduğu qrupda son anda ikinci pilləni tuta bildi. Yalnız əhəmiyyətsiz sayılan qarşılaşmalarda motivasiyasız Slovakiya və ikinci heyətlə Bakıya gələn Qazaxıstan son iki turda məğlub edilərək.

Yenə bu adama güldən ağır söz deyən yoxdur.

Hətta AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata açıqlamasında "Milli 2-ci yeri tutsa da, yaxşı mənada diqqət çəkdi" deyib.

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun isə italiyan mütəxəssisə yağdırdığı tərifin miqyası izah olunmazdır:

"Millinin keçirdiyi son 3 oyuna diqqətlə baxdım. Bu matçlara əsasən onu deyə bilərəm ki, yığmada fikir və ideyaya layiq ustalıq gördüm. Son 2-3 illə müqayisə etsək, komandamız daha sadə, sanballı və xoşagələn səviyyədə oyun nümayiş etdirir. Mən De Byazinin getməsinin əleyhinəyəm. Belə bir sual olsa, mən öz mövqeyimi bildirəcəyəm.

Yeni əcnəbi baş məşqçi yeni tanışlıq deməkdir. De Byazi isə futbolçuları beş barmağı kimi tanıyır. Son matçlarda doğru heyət seçimi, futbolçuların təkcə öz bayrağı və Vətəni üçün deyil, həm də baş məşqçiləri üçün oynadıqlarını gördük. Mexanizm bir az işləməyə başlayıb. Nəyə görə bunu dəyişək, pozaq? Oyunlar vaxtı əvəzetmələrdən də gördüm ki, De Byazi oyunu yaxşı idarə edir və futbolçuları başa düşməyə başlayıb. Oyunçular da buna öz ustalıqları və matçlara can yandırmaları ilə münasibət bildirirlər.

Digər tərəfdən milli komanda şərti olaraq, pley-offa çıxmaq şanslarını saxlayır. C Liqasında qrup qalibləri olan Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan yığmalarından ən azı 2-si AVRO-2024-ə seçmə mərhələdən vəsiqə qazansa, bizim üçün şans yarana bilər. Futbolda hər şey mümkündür. Bu, bizə müəyyən qədər ümid yeri saxlayıb. Buna görə sağ olsun".

Və AFFA rəsmilərinin belə açıqlamalarından pəjmürdə olan olan Canni De Byazi də ələ düşən əla fürsəti qaçırmayıb. Öz qiymətini qaldırmaq yolunda əla addım atıb. Ki, mətbuata açıqlamasında "Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" deyə idda səsləndirib. Adamı lap gic gülmək tutur.

Ay De Byazi, bu qədər fiaskodan sonra səni kimdir itirib-axtaran ? Haqqında bəy tərifi yağdıran AFFA rəhbərliyi və onların pul dostları xaric.

Utanma, açıqca de ki, son üç oyunda möhtəşəm oyunla, möhtəşəm qələbələr qazanmışıq. Yeni müqaviləni daha yüksək əməkhaqqı ilə bağlayaq. Vallah-billah sənin dadlı-duzlu zarafatınmı, ələsalmanmı deyim ciddi qəbul ediləcək.

Və istədiyin məbləğdə müqavilə şərtləri razılaşdırılacaq. Buna görə dağa-daşa düşüb böyük yalanlar danışmağına, təklif bolluğundan söz açmağına heç gərək yoxdur. Heç olmasa bircə dəfə də özünü demokratik dəyərlərdən danışan avropalı kimi apar da...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu