17-ci turun açılış oyunu Şamaxıda baş tutacaq.
Çempionatda sonuncu qələbəsini oktyabrın 5-də qazanan, o vaxtdan bu yana 7 oyundur 3 xalın nə olduğunu bilməyən “Səbail” 9 matçdır qalibiyyət üzünə həsrət qalan “Şamaxı”nın qonağı olacaq.
Maraqlıdır ki, bayıllılar sonuncu dəfə məhz bu rəqibini ilk dövrənin sonuncu oyununda məğlub etməyi bacarıb. Odur-budur, “Səbail” qələbə qazanmır.
Şamaxılılar isə sentyabrın 20-də səfərdə “Kəpəz”i udandan bu yana qələbənin nə olduğunu bilmir.
“Qara zolaq”dan çıxmaq üçün bu oyun hər iki komanda üçün əla imkandır. Eyni aqibəti yaşayan kollektivlər həftələrdir bu matçı gözləyirlər ki, turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırsınlar.
Bölgə təmsilçisi 13 xalla “Neftçi”ylə birlikdə 7-8-ci pillələri bölüşürsə, aktivində 8 xal olan “dənizçilər” sonuncu pillədə qərarlaşıb.
Meydan sahibləri istəyinə çatacağı halda, “Qarabağ” və “Sabah”la oyunlar öncəsi nikbin ab-hava yaxalayacaq. Qələbə “Səbail”in olsa, “Kəpəz”də “Neftçi”ni uda bilməsə, Cavid Hüseynovun çalışdırdığı komanda sonuncu pilləni tərk edəcək.
Hər iki komanda itkilərdən əziyyət çəkir. Paytaxt təmsilçisində zədə epidemiyası yaşanırsa, şamaxılılar İlkin Muradov, Adil Nağıyev, Georgi Kantariya kimi əsas heyət üzvlərini itirib.
Yeri gəlmişkən, bu oyun mövsümə “Şamaxı”da başlayan, çempionatın gedişində “Səbail”ə üz tutan İlkin Muradov üçün xüsusi əhəmiyyət daşıyacaq.
Cavid Hüseynov isə 2022.23 mövsümündə çalışdırdığı, lakin elitada saxlaya bilmədiyi “Şamaxı”ya qarşı baş məşqçi qismində ilk dəfə rəqib qismində yer alacaq.
Bir sözlə, məlum qarşılaşmanın 17-ci turun bəzəyinə çevriləcəyinə şübhə etməyə dəyməz.
Bu gün Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

