
Bir neçə saatdan sonra cari futbol mövsümünün sonuncu oyunu start götürəcək.
Çempionluğu rəsmiləşdirən “Qarabağ” avrokuboklara vəsiqə əldə etmək istəyən “Sabah”ı qəbul edəcək.
Bu qarşılaşma təkcə ağdamlıların növbəti titulunu qazanmaq, yaxud “tələbələr”in tarixində ilk dəfə kuboku başı üzərinə qaldırmaq baxımından önəmli deyil.
Oyuna rəng qatan digər məqam hazırda digər klubun Sumqayıtda keçiriləcək görüşün yekun nəticəsini böyük maraq və həvəslə gözləməsidir.
Beləliklə, “Sabah” kuboku qazanacağı təqdirdə, “Qarabağ”ın “qızıl dubl” etmək arzusu ürəyində qalacaq. Bununla da Qurban Qurbanov Vasili Berequtski ilə növbəti dueldən qələbəsiz ayrılmış olacaq.
Yeri gəlmişkən, Azərbaycanın bir nömrəli məşqçisinin rəhbərlik etdiyi kollektivlə rusiyalı çalışdırıcının başçılıq etdiyi komandanın Premyer Liqadakı hər üç görüşü eyni hesabla başa çatıb – 1:1.
“Sabah” kuboku qazanacağı təqdirdə, “Turann Tovuz”un avrokuboklara vəsiqə arzusu həyata keçməyəcək.
Qərb təmsilçisi çempionatı dördüncü pillədə başa vurduğundan, kuboku “Qarabağ”ın muzeyinə aparması mütləqdir ki, Premyer Liqanın dördüncüsü üçün Avropaya qapılar açılsın.
“Sabah” kuboku qazanacağı təqdirdə, “Zirə”dəkilərin əhvalı pozulacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdə hər kər “Qarabağ”ın qalib olmasını istəyir.
Bu, baş versə, zirəlilər avrokubok mübarizəsinə Konfrans Liqasında yox, Avropa Liqasında başlayacaq.
Avropa Liqasına qatılmaq daha uzun yolçuluq üçün sərfəlidir. Çünki buradakı məğlubiyyət mübarizənin başa çatması demək deyil. Uduzan komanda Konfrans Liqasına yuvarlanır.
Bir sözlə, “Sabah”ın qalib gəlməsini ən yaxşı halda klubdakılar və öz azarkeşləri arzulayır. Mümkün qələbə Masazır təmsilçisinin tarixində ilk titulu olmaqla yanaşı, üç kluba ziyan dəyməsi anlamına gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ