“Neftçi”nin onları qabaqlaması çətindi” - BAŞ MƏŞQÇİ DEDİ

4 Mart 2018 13:44 Futzal 689
“Neftçi”nin onları qabaqlaması çətindi” - BAŞ MƏŞQÇİ DEDİ

Qış fasiləsindən sonra ilk oyununu “Xəmsə”yə qarşı keçirən və böyükhesablı qələbə qazanan “Neftçi” İK futzal üzrə Yüksək Liqada bu dəfə əzəli rəqibi EKOL-la qarşılaşacaq.

Arxada qalan birinci dövrədə 3:5, ikinci dövrədə isə 0:4 hesabı ilə uduzan “Neftçi” cari çempionatdakı bu uğursuz seriyaya son qoya biləcəkmi?

Sportinfo.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bu məqama da aydınlıq gətirib:

Qış fasiləsindən sonra 2 oyununuz təxirə salındı. Buna görə də 2018-ci ildə siftəni “Xəmsə”yə qarşı etdiniz. Fasilənin uzun olması oyununuza nə kimi təsir göstərib?

- Fasilənin çox olması oyunumuza yaxşı təsir etməyib. Düzdü, qələbə qazandıq. Vacib olan bu idi. Çünki bu komanda ilə ikinci dövrənin oyununda xal itirmişdik. Bu dəfə turu itkisiz başa vurduq. Oyunumuz tədricən öz axarını tapacaq.

Fasilədə iranlı oyunçulardan ikisini yola saldınız. Əvəzində başqa futzalçılarla güclənəcəyiniz deyilirdi. “Xəmsə”yə qarşı onları oynatmamağınız nə ilə bağlıdı?
- Açığı, baxışa bir braziliyalı futzalçı gəlmişdi, onun oyunundan razı qalmadıq. Çox zəif təsir bağışladı. Ondan başqa, 2 oyuçunu da sınaqdan keçirdik. Təəssüf ki, ümidlərimizi doğruldan olmadı.

Qalmısınız bir yeni transferin ümidinə?
- Elə deməzdim. Bir neçə oyunçu var ki, adlarını iştirak ərizəsinə daxil etmişik. Sadəcə, bəzi problemlər yoluna qoyulmalıdı. Birinin pasportu ilə bağlı çatışmazlıq var.

“Xəmsə” ilə oyunda fasilənin uzun olmasının fəsadlarını hiss etdiyinizi dediniz. Bəlkə rəqibin autsayder olması oyununuza təsir edib?
- Niyə ki? Bu komanda ilə əvvəlki oyunda xal itirmişdik. 2:2 hesabı ilə başa çatan oyunu unutmamağı və təkrarlamamağı tapşırmışdım.

Növbəti turda əzəli rəqibiniz EKOL-la qarşılaşacaqsız. Rəqibin oyununu da izlədiz. EKOL fasilədən sonra necə təsir bağışladı?
- Oturuşmuş komandadı EKOL. Heyətin üzvləri illərdi bir yerdə çıxış edirlər. Çempionatın güclü kollektivlərindən biridi. Bu komandaların oyunu hər zaman debri hesab edilib. Bu dəfə də istisna deyil. Turnir cədvəlindəki mövqelərdən asılı olmayaraq, komandalar öz aralarındakı oyuna başqa cür motivasiya olurlar.

EKOL kapitan Namiq Məmmədkərimovsuz çıxacaq meydana. Onun yoxluğu “Neftçi” üçün avantaj ola bilərmi?
- Namiq təcrübəli oyunçudu və meydanda olduğu müddətdə komandasına köməyi dəyir. Ancaq onun yoxluğunun bizim üçün avantaj olacağını deməzdim. EKOL-un geniş heyəti var.

EKOL üçüncü dövrəyə yaxşı başlamayıb. Komanda 3 oyun keçirib və cəmi 1 xal qazanıb. “Marafon Futsal” da turu məğlubiyyətlə başa vurub. Sizdən öndə olan rəqiblərə çatmaq üçün “Neftçi” bu fürsətdən istifadə edə biləcəkmi?
- Xal baxımından “Marafon Futsal”dan çox geri qalırıq. Onların məğlub olması ikinci pillə uğrunda intriqanı bir qədər artıracaq. Ancaq onları qabaqlamağımız çətindi. Bizim üçün vacib olan bütün oyunlarda qalib gəlməkdi.

“Neftçi”nin cari mövsümə istədiyi kimi başlaya bilməməsi nəyin nəticəsidi?
- Çünki heyətimizdə dəyişikliklər oldu. Kapitanımız Fərid Atakişiyev EKOL-a yollandı. Faiq Əliyevlə Rəcəb Fərəczadə “FK.İD.Futsal”a keçdi. Özü də bu keçidlər son anda oldu və gedənlərin yerini doldura bilmədik. Legionerlər dəvət etdik, onlar da gec qoşuldular komandaya.

Əvvəlki illərlə müqayisədə Yüksək Liqada ab-hava necədi?
- Açığı, maraqlı çempionat izləyirik. Rəqabət var. Əvvəlki illərdə ikinci pillə uğrunda “Neftçi” və EKOL yarışırdı, ancaq indi “Marafon Futsal” və “FK.İD.Futsal” da bu mübarizəyə qoşulub. “Yasamal” da nəfəsini hiss etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti