“Biz məşqçilər üçün gözlənilməzlik yoxdur. Ona görə də hər bir vəziyyətə hazır olmalıyıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.
Mayın 18-də futzal çempionatının sonuncu – 20-ci turunda baş tutan qarşılaşma uzun müddət yaddaşlardan silinməyəcək.
“Neftçi” İK – “Araz-Naxçıvan” duelində “ağ-qaralar” 2:0 üstünlük yaxalayanda, naxçıvanlılar çempionluğu bayram etmək üçün 5 top vurmalıydı. Möcüzənin baş verəcəyinə kim inanardı?
Lakin 1-i ilk hissədə, 4-ü fasilədən sonra olmaqla “Neftçi”nin qapısına 5 dəfə yol tapan “Araz-Naxçıvan” şəxsi görüşlərdəki top fərqi üstünlüyünə görə çempion adını qazandı. Halbuki oyun 4:2 hesabı ilə başa çatsaydı, “qızıl” bakılıların olacaqdı.
54 yaşlı mütəxəssis möhtəşəm geridönüş etmək üçün istifadə etdiyi taktiki sxemin işə yaradığını gizlətməyib:
“Bilirdim ki, “Neftçi”nin top fərqində öndə olması uşaqlarda gərginlik yaradıb. Və bu, ilk hissədə özünü göstərirdi. Ona görə də oyunun əvvəlində istədiklərimizi həyata keçirə bilmirdik, hərəkətlilik yox idi.
Ehtiyat variant kimi Rövşən Hüseynlidən meydan oyunçusu kimi istifadə etməyi planlamışdıq. Digər plan iki fərqli “4-lük”lə rotasiyalar etməyimiz idi ki, daha hərəkətli “4-lük” həssas məqamda hesabı bərabərləşdirməyə nail oldu.
Və əsas “silah”ımız təbii ki, 4-dən 5-ə keçmək idi. Bu, bizdə əla alındı. Məhz qapıçıdan meydan oyunçusu kimi istifadə etməklə lazım olan qolları vurduq.
Rəqibin yorulub-yorulmadığını deyə bilmərəm. Sadəcə biz əlimizdən gələni etdik ki, “Neftçi” yorulsun”.
HƏBİB

