Sportinfo.az futzal millimizin və “Araz-Naxçıvan”ın qapıçısı Rövşən Hüseynlinin müsahibəsini təqdim edir:
- “Neftçi” ilə oyunda geridönüş edərək 5:2 hesablı qələbə qazandınız və “Araz-Naxçıvan” ardıcıl 10-cu, ümumilikdə 20-ci dəfə ölkə çempionu oldu. Təəssüratlarınız necədir?
- Həftə boyu bu matça çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, çempion olmaq üçün bizə 3 top fərqi ilə qələbə lazımdır. Bu səbəbdən də fərqli planda hazırlaşmışdıq. Oyuna Emin qapıda başladı, sonradan mən meydana daxil oldum. Daha çox ötürmələrə üstünlük verirdik. Rəqibi kobud oyuna məcbur etdik, ardıcıl 3 cərimə qazandıq. Qol vurduq.
- Lakin rəqibin ikinci qolu bir qədər gözlənilməz oldu. Hesab 0:2 olarkən artıq 5 qola ehtiyacınız var idi. Həmin vaxt çempionluğa ümidiniz qalmışdı?
- Əlbəttə, inam var idi. Razıyam ki, rəqibin ikinci qolu gözlənilməz oldu. Top öz oyunçumuza dəydi, istiqamətini dəyişdi və qapımızdan keçdi. Bütün bunlara hazır idik. İkinci hissə üçün də xüsusi planımız var idi. Gördünüz ki, fasilədən sonra meydanda fərqli 4-lük var idi. Fərqli üslubda oynadıq. Yekunda da istəyimizə çatdıq və 5-ci qolu vurub çempionluğu təmin etdik.
- Birinci hissədə oyuna yaxşı qoşulsanız da, zədələndiniz. Matçın qalan dəqiqələrində kənarda qalmaq nə dərəcədə məyusedici idi?
- Məyusluq var idi. Komandama kömək edə bilmədiyim üçün çox təəssüflənirdim. Həm də düşünürəm ki, oyuna çox yaxşı qoşulmuşdum. Müasir futzalda qapıçı tez-tez irəli çıxır, daha çox ötürmələr üstünlük verir. Bu cür ötürmələrin sayəsində rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilirdik. Əsas odur ki, qələbə qazandıq.
- Demək olar ki, bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin çempionluqdur?
- Ən çətin də olmasa, iki ən çətindən biri deyə bilərəm. Xatırlayıram, bir dəfə də “Xəzər” komandası ilə çox gərgin mübarizədən qalib ayrılmışdıq. Həmin vaxt rəqibin heyətinin əsasını iranlılar təşkil edirdi. Bizdə isə Rizvan Fərzəliyev, Xətai Bağırov kimi təcrübəli yerli oyunçular var idi. Yalnız əlavə vaxtda, sona 1 dəqiqə qalmış qol vurub 2:1 hesablı qələbə qazanmışdıq.
- Rəqiblər güclənib, yoxsa “Araz-Naxçıvan” zəifləyib?
- Rəqiblər birmənalı şəkildə güclənib. “Neftçi”nin bu mövsüm gördüyü işlər həqiqətən də alqışalayiqdir.
- Sizi növbəti mövsüm də “Araz-Naxçıvan”da görəcəyik, yoxsa yenidən legioner həyatı yaşayacaqsınız?
- Hələ bu barədə danışmaq tezdir. Bir müddət sonra bu barədə qərar qəbul edəcəyəm.

