Futzal üzrə Azərbaycan çempionatının sonuncu - 20-ci turunda prinsipial qarşılaşma baş tutdu.
Bakı İdman Sarayında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edirdi.
Finala bərabər oyuna marağın gözləniləndən böyük olduğunu deyə bilərik.
Sonuncu dəfə Bakı İdman Sarayının futzal yarışında bu qədər azarkeşə qapılarını açdığını xatırlamaq çətindir.
19 turdan sonra aktivində 52 xal olan lider “Neftçi” 2-ci pillədəki rəqibi “Araz-Naxçıvan”ı 3 xal qabaqlayırdı.
Deməli, bu qarşılaşmanın yekun nəticəsinə görə “ağ-qaralar” qələbə qazansa, heç-heçə etsə, hətta 1-2 top fərqi ilə uduzsaydı belə, çeçpionluğu bayram edəcək. Sonda əksi yaşandı.
Əslində “Neftçi” oyuna pis başlamamışdı. İlk hissənin gedişində hesabda 2:0 önə keçmiş, rəqibini azı 5 qol vurmağa məcbur etmişdi. Fasiləyə yaxın “Araz”ın hesab arasındakı fərqi azaltması belə, “Neftçi”lilərin çempionluq şansını azaltmamışdı.
Di gəl, ikinci hissədə futzalda nadir hallarda görə biləcəyimiz mənzərə yaşandı. Qapıçını meydan oyunçusuna çevirərək meydanda ağalıq edən “Araz” hesabı bərabərləşdirdi, ardınca 3-cü, daha sonra 4-cü qolu vurdu.
Və bu anda “ağ-qaralar”ın braziliyalı üzvü qırmızı vərəqə alaraq meydandan qovuldu. Naxçıvan təmsilçisi say üstünlüyündən istifadə etməklə qələbə topunu rəqib qapısından keçirib, hər kəsi şoka salan 5-ci qolu vurdu.
Bu, “Araz-Naxçıvan”ın çempionluğu demək idi. Tarixi ərzində yubiley – 20-ci çempionluğu.
Oyun başa çatandan sonra Azərbaycan Futzal Federasiyasının rəhbərliyi mövsümün yekunlarına uyğun olaraq komandaları və ayrı-ayrı nominasiyalar üzrə futzalçıları mükafatlandırdı.
“Araz-Naxçıvan” çempionluq kubokuna sahib oldu, “Neftçi” gümüş, “Baku Fire” bürünc medallarla kifayətləndi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

