“Çempionatımız o qədər də güclü deyil, millidə əsas çatışmazlıq budur”

08:30 Futzal 109
“Çempionatımız o qədər də güclü deyil, millidə əsas çatışmazlıq budur”

Futzal üzrə Azərbaycan millisinin əsas çatışmazlığı qol vəziyyətlərindən yararlana bilməməkdir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın üzvü Tofiq Mikayılov deyib.

"Bakıda 3 günlük taktiki məşqlərdən sonra Qazaxıstana yollandıq. Azərbaycan millisi üçün bəlkə də ilk dəfə idi ki, belə qısa müddətdə bu cür intensiv toplanış olurdu.

Böyük təcrübə oldu. Komanda fiziki cəhətdən yaxşı idi.

Bildiyiniz kimi, uzun müddət millidə braziliyalılar çıxış edib. İndi isə komandaya yerli uşaqlar dəvət olunub.

Qazaxıstanla ikinci oyunda göstərdik ki, komandamızın böyük perspektivi var. Oyunu Azərbaycanın Aktaudakı konsulluğunun əməkdaşları da izləyirdilər.

Gəlib bildirdilər ki, çox gözəl potensialınız var, sadəcə, zaman lazımdır. Belə toplanışlar qarşıdakı dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımızın yaranması üçün çox vacibdir.

Əsas çatışmazlıq qol vəziyyətlərindən istifadə edə bilməməyimizdir. Məsələn, Gürcüstanla oyunda daha çox qol imkanımız oldu amma onlar fərqləndilər.

Qazaxıstanla matçda da qapıçı ilə üzbəüz qaldığımız anlar oldu. Bu fürsətlərdən yararlanmaq lazımdır ki, qələbə qazanasan.

Bunlar təcrübəsizlikdən irəli gəlir və zamanla düzələcək. Həm Gürcüstanda, həm də Qazaxıstanda azarkeşlərimiz var idi.

Sayları çox olmasa da, bizi dəstəklədilər, oyunlardan sonra görüşdük. Bu, bizim üçün xoş idi", - o vurğulayıb.

T.Mikayılov daxili çempionatın səviyyəsinin aşağı olmasının milliyə təsirini qeyd edib:

"Çatışmazlıqlar çoxdur – fiziki, taktiki hazırlıq və realizə baxımından düzəlməliyik. Çempionatımız o qədər də güclü deyil. Ona görə də ölkə xaricində oyunlar və toplanışlar vacibdir.

Komandada gənc uşaqlar çoxdur, bəzilərinin birinci toplanışıdır. Amma çox istedadlı gənclərimiz var. Xüsusən Ədalət Ələkbərovun adını çəkə bilərəm. O, özünü çox yaxşı tərəfdən göstərdi".

Təcrübəli futzalçı öz durumuna da toxunub:

"Bir az ağrılarım var idi, hələ də tam keçməyib. Amma böyük problem deyil. Şükür ki, yaxşıyam.

Əslində bir oyun oynamalı idim, zədə səbəbindən baş məşqçi istirahət vermişdi. Sonradan təcrübəmə görə kömək etməyimi istədi".

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq görüşlərində Gürcüstana (2:4, 2:5) və Qazaxıstana (2:4, 2:9) məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq