Dünən futzal üzrə Yüksək Liqada 16-cı turun bir oyunu keçirilib, digər ikisi isə baş tutmayıb.
“Neftçi” İK “Lənkəran”la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.
Lənkəranıq eyniadlı komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib.
Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi” İK-in hesabına 3 xal yazılıb.
Keçirilən qarşılaşmada isə “Araz-Naxçıvan” “Baku Fire”ni 5:1 hesabı ilə məğlub edib.
Bundan başqa, “Şuşa” təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
“Lənkəran“ın çıxışını yarımçıq dayandırması sponsorun onlardan maliyyəni geri çəkməsiylə əlaqədardır. Bütün aparıcı oyunçular komandanı tərk etdiyindən, gənclərin ümidinə qalıblar.
Onlar da ki, peşəkar karyera qurmayanlardır. Hamısı orada-burada işlədiyindən, oyunların təyin edildiyi günorta saatlarında zala gələ bilmirlər.
“Şuşa“ya gəlincə, burada da maliyyə çatışmazlığı mövcuddur. Klubun arxasında hansısa iş adamı dayanmır, himayədar federasiyanın özüdür.
Qurumun prezidenti Zaur Axundovun şəxsi köməkliyi ilə Yüksək Liqada çıxış etmək fürsəti yaxalayıblar.
Onun biznesində böhran başlayandan sonra “Şuşa“ da ortada tək qalıb, maddi dəstək dayanıb.
SPORTİNFO.AZ

