«Cari mövsümdə yalnız yerlilərlə mübarizə aparırıq, onların da əksəriyyəti cavanlardır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Fire»nin baş məşqçisi Teymur Eyvazov deyib.
Futzal üzrə Yüksək Liqada mübarizə aparan komandanın çalışdırıcısı mövsümün növbəti hissəsinə aid düşüncələrini bölüşüb:
«İkinci dövrəyə hazırlıq prosesimiz normal keçib. Yanvarın 5-dən məşqləri bərpa etmişik.
Bu həftəyə kimi daha çox fiziki çalışmalara üstünlük verdik. Bu həftədən isə məşqlərimizi əsaəsn taktiki yöndə davam etdiririk.
Əsas oyunçularımızdan Eldar Zeynalovun zədəsi var idi, artıq o da sağalıb və komandaya qoşulub. Digər əsas oyunçularımz da hazırda yaxşı formadadı.
Bu gün «Araz-Naxçıvan»la kubokda, 19-da isə çempionat oyununa çıxacağıq. Hər iki oyunda işimiz çətin olacaq.
Rəqib legionerlərdən təşkil olunub. İndi daha 2 legionerlə gücləniblər.
Müdafiədə çox diqqətli və bacardığımız qədər səhvsiz oynamalıyıq. Topa nəzarət etməyə çalışacağıq. Bu, bizə çox kömək olacaq.
Həyətimizin 70 faizini gənclər təşkil edir. İkinci dövrədə daha iki gənci sıralarımıza qatmışıq.
Güclü legionerlərə qarşı oynamaq cavanlarımız üçün faydalı olacaq. Onların tez bir zamanda komandanın əsas üzvlərinə çevrilməsini istəyirəm.
Həm məşqlərdə, həm də oyunlarda özlərini doğrultmağa çalışırlar. Xüsusilə Rüfət Məmmədlini qeyd etmək istərdim.
Komandamızın yetirməsi olan Rüfəti artıq mütamadm olaraq bütün oyunlarda meydana buraxıram. Əminəm ki, sezonun sonuna kimi digər gənc oyunçularımız da özlərini doğruldacaqlar».

