Danimarka ilə növbəti yoxlama oyunu keçirən Azərbaycan millisi qələbə qazanıb (4:2).
Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yevgeni Kukseviç matç barədə fikirlərini bölüşüb.
Cari ildə doğma meydanda ilk qələbəsini rəsmiləşdirən mütəxəssis bu iki qarşılaşmanın komandaya böyük təcrübə qazandırdığını vurğulayıb.
O, əsas diqqəti oyun intizamına yönəltdiklərini və bu görüşdə istədiklərinə 90% nail olduqlarını bildirib. Baş məşqçi ilk oyundan sonra rəqibə uyğun taktiki dəyişikliklər etdiklərini və futzalçılarla fərdi söhbətlər apardıqlarını da diqqətə çatdırıb.
Kukseviç heyətin əsasən gənclərdən ibarət olduğunu, onların emosional davranışlarının zamanla nizamlanacağını qeyd edərək komandanın gələcəyi barədə nikbin danışıb:
"İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm.
Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı.
Oyunçuların əksəriyyəti gəncdir, çılğındır, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq".

