“Neftçi”ni udan “Baku Fire” gümüş medallara sahibləndi

30 May 02:40 Futzal 167
“Neftçi”ni udan “Baku Fire” gümüş medallara sahibləndi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, XX turda qarşılaşan “Baku Fire” və “Neftçi” İK kollektivlərinin duelində birincilər 2:1 hesablı qələbəyə seviniblər.

Bununla da "Baku Fire" komandası mövsümü 47 xalla ikinci, 43 xala malik "ağ-qaralar" isə üçüncü pillədə tamamlayıb.

Digər qarşılaşmalarda "Şuşa" "Yasamal Bakı"nı 10:4, daha əvvəldən çempionluğu rəsmiləşdirən "Araz-Naxçıvan" isə U-19 kollektivini 22:1 hesabı ilə məğlub edib.

Oyunlar başa çatdıqdan sonra mükafatçılar sırasına düşən komandalar, hakimlər və Yüksək Liqanın bombardiri təltif edilib.

Hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.

Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.

2025/2026 mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmda məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar