Millimizin məşqçisi üzr istədi: "Bunu bacara bilmədik"

27 Mart 2023 02:40 Futzal 395
Millimizin məşqçisi üzr istədi: "Bunu bacara bilmədik"

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində Yunanıstanla qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 3:11 hesabıyla uduzan yığma turnirdə çıxışını başa vurub.

Millinin məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında Yunanıstana məğlubiyyəti şərh edib:

“Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi.

Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi.

Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı.

Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik”.

Azərbaycan millisi Yunanıstandan əvvəl Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzub.

Xəbər Lenti